Bu günlərdə Avstraliyalı jurnalistlər Hyundai Santa Fe avtomobilini test ediblər. Həmin avtomobil reklam çəkilişlərində iştirak etdikdən sonra jurnalistlərin ixtiyarına verilib. Soruşa bilərsiniz ki, burada qeyri-adi nə var ki?

Əslində qeyri-adi olan odur ki, bu Santa Fe krossoveri yeganə nüsxədə hazırlanıb və kabriolet tipli kuzova malikdir. Qeyd etmək gərəkdir ki, Hyundai Santa Fe modeli yalnız beşqapılı kuzovla buraxılır və onun açıq variantı mövcud deyildir. Santa Fe Cabrio modelinin hazırlanmasının əsas məqsədi Hyundai Avstralia tərəfindən çəkilən reklam çarxında iştirakdır. Çarxın çəkilişlərindən sonra isə, kabrioletin pres altına göndərilməsi nəzərdə tutulub. Bununla belə, avtomobilin məhv edilməmişdən öncə yerli jurnalistlər onu sınamaq imkanı əldə ediblər.

Hyundai Santa Fe Cabriolet  adi krossoverin sahib olduğu bütün avadanlıqlarla təchiz edilib. Kabriolet 197 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən 2,2-litrlik dizel mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz pilləli avtomatik sürətlər qutusu ilə tandemdə çalışır. Avtomobildə  altı nəfər sərnişin səyahət edə bilər.   

Xatırladaq ki, yeni nəsil Hyundai Santa Fe modelinin yerli təqdimat mərasimi iyul ayında Qəbələdə keçirilmiş “Qafqaz Motor Şou” çərçivəsində baş tutmuşdur.