Volkswagen şirkəti T-Roc modelinin "bərkgedən" R modifikasiyasını hazırlayır

Volkswagen şirkəti də T-Roc krossoverinin “qaynar” R-variantının sınaqlarına başlayıb. “Auto Express” nəşrinin fotoqrafları “qaynar” krossoverin sınaq prototipinin şəkillərini çəkməyə müvəffəq olublar.

İlk baxışdan prototip adi krossoverə bənzəsə də, prototipin kiçik klirensinin, iri təkər disklərinin və səsboğucu sisteminin iki cütlənmiş çıxış borularının olması qarşımızdakı krossoverin R seriyasına məxsusluğuna işarə edir. Xatırladaq ki, keçən həftə Avstriyanın Vyörter Ze gölünün sahillərində keçirilən GTİ festivalında alman markasının rəhbəri Herbert Dies VW T-Roc modelinin “qaynar” R-variantının ilin sonuna qədər təqdim ediləcəyini bildiribdir.

Volkswagen T-Roc modeli keçən ilin avqustunda təqdim edilib. VW T-Roc modelinin qabarit uzunluğu 4234 nillimetr, eni - 1819 millimetr, hündürlüyü isə 1573 millimetr təşkil edir. Yeni krossoverin təkər bazasının ölçüsü 2600 millimetrdir. Beləliklə, T-Roc böyük qardaşı Tiguan’dan 252 millimetr qısa, 10 millimetr ensiz və 100 millimetr alçaqdır. VW T-Roc modeli İbiza və Polo modellərinin istehsalında istifadə olunan MQB modul platformasında inşa edilib.

Krossover alman istehsalçısının digər modellərdən tanış olan altı mühərrik ilə təklif edilir.

Bunlar 115 at qüvvəli 1,0-litrlik, 150 at qüvvəli 1,5-litrlik və 190 at qüvvəli 2,0-litrlik TSI, həmçinin 115 at qüvvəli 1,6-litrlik, və 150 və ya 190 at qüvvəli 2,0-litrlik TDI mühərrikləridir. 115 və 150 at qüvvəli güc aqreqatları üçün mexaniki ötürmələr qutuları standartdır. Qalan mühərriklər yeddi pilləli iki muftalı robotlaşdırılmış DSG qutuları ilə təklif edilirlər. Çoxdiskli muftaya malik olan 4Motion tam ötürmıə sistemi yalnız 150 və 190 at qüvvəsi gücü olan modellər üçün təklif edilir.

Mexaniki sürət qutusu və tam ötürmə sistemini əldə etmək istəyənlər dizel mühərrikini seçməli olacaqdırlar.

ДРУГИЕ СТАТЬИ