Mercedes-Benz G-Class ilin sonuna qədər dizel güc aqreqatına sahib olacaqdır

Mercedes-Benz Passion Blog saytının bildirdiyinə görə, bu ilin sonunda Mercedes-Benz şirkəti ikinci nəsil G-Class ofrouderinin dizel mühərriki ilə təchiz edilmiş modifikasiyasını təqdim edəcəkdir.

Hazırda əfsanəvi ofrouderin ikinci nəsli Mercedes-Benz G500 və  "bərkgedən" Mercedes-AMG G63 modifikasiyalarında təklif edilir.

Nəşrin bildirdiyinə görə, G-Class modelinin dicel variantı G350d 4Matic adlandırılacaq və Almaniyada dekabr ayında satışa çıxarılacaqdır. Digər bazarlara gəldikdə isə, dizel modifikasiyası 2019-cu ilin martından başlayaraq təklif ediləcəkdir.

Əslində G-Class modelinin OM 656 dizel mühərriki ilə təchiz ediləcəyi o qədər də təəccüblü deyildir. Xatırladaq ki, bu mühərrik yenilənmiş Mercedes-Benz S-Class və yeni nəsil Mercedes-Benz CLS-Class modellərinin kapotu altında yerləşdirilir.  S350d sedanında bü mühərrik 286 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. S400d modifikasiyasında isə güc aqreqatı 340 at qüvvəsi və 700 Nm təklif edir.

Mercedes-Benz şirkətinin G350d 4Matic modelini təklif etməsi ofrouderin 286 at qüvvəli variantla təchiz ediləcəyindən xəbər verir. Bununla belə, Mercedes-Benz Passion Blog nümayəndələrinin iddiasına görə, ofrouder G400d modifikasiyasında təklif edilməyəcəkdir.

Artıq xəbər verdiyimiz kimi, ikinci nəsil G-Class modelinin istehsalına Magna Steyr şirkətinin Qrazdakı zavodunda başlanıbdır.

Çox keçməz ki, yeni ofrouderin dizel modifikasiyası haqqında ətraflı məlumat təqdim olunar.

ДРУГИЕ СТАТЬИ