Skoda şirkəti gələcəkdə buraxılacaq RS modellərinin dizayn üslubunun inkişaf istiqamətini nümayiş etdirən Vision RS konsept avtomobilinin yeni təsvirlərini dərc edərək, konseptin texniki xüsusiyyətləri barədə məlumat verib. Skoda Vision RS prototipinin kütləvi təqdimatı bir neçə gündən sonra fəaliyyətə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir.

Skoda Vision RS konsept avtomobili tərkibinə 150 at qüvvəli 1,5-litrlik TSI mühərriki, 102 at qüvvəli elektromotor və 13 kilovat-saatlıq akkumulyator bloku daxil olan hibrid güc qurğusu ilə təchiz edilib. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi təşkil edir. Vision RS 100 km/saat sürətini 7,1 saniyəyə toplayır. Onun maksimal sürəti 209 km/saatdır.

Konseptin batareyalarının ehtiyatını 2,5 saata bərpa etmək olar. Prototip elektrik mühərrikindən istifadə etməklə 70 kilometr (NEDC dövrü ilə) məsafə qət edir. Avtomobilin ətraf mühitə atdığı karbon dioksidinin səviyyəsi bir kilometrə 33 qramdır.

Avtomobilin idman xüsusiyyətlərini onun kuzovunun iti bucaqları, ön bamperdəki relyefli hava girişləri, üçbucaqlı işıq texnikası və salonun tərtibat materialları önə çıxarır. Konseptin interyerinin tərtibatında  karbon, alkantara və büllurdan istifadə edilibdir. Çexlər hətta qeyri-ənənəvi materiallara da müraciət ediblər. Məsələn, prototipin ayaqaltıları ananas ağacının yarpaqlarının emalından əldə edilən iplikdən yaradılmış Pinatex materialından hazırlanıbıdır.

Bir daha xatırladaq ki, Skoda Vision RS konsept avtomobilinin kütləvi təqdimatı 2 oktyabr tarixində qapılarını media nümayəndələrinin üzünə açacaq Paris avtosalonunda keçiriləcəkdir. Jurnalımızın baş redaktoru Natiq Zərbəliyev sabah Parisə yollanır. Bizi izləməyə davam edin...

Image alt Image alt Image alt Image alt Image alt Image alt