Kia Sportage yenilənib

Kia şirkəti yenilənmiş Sportage krossoverini təqdim edib. Avtomobil yenilənmiş eksteryerə, “yumşaq” hibrid güc qurğusuna və elektron təhlükəsizlik sistemlərinin genişləndirilmiş siyahısına sahib olub. Yenilənmiş Kia Sportage modelinin Avropadakı satışlarına bu ilin üçüncü rübündə başlanacaqdır.

Yenilənmiş avtomobilin əsas xüsusiyyətlərindənn biri EcoDynamics+ güc aqreqatıdır. Bu aqreqat 2,0-litrlik dizel mühərrikindən, 10-kilovatlıq startyor-generator rolunu oynayan elektromotordan və 0,46 kilovat-saatlıq yığcam litium-ion batareyasından ibarətdir. Sistem 48-voltluq cərəyandan çalışır. İstehsalçının məlumatlarına əsasən, WLTP sınaq metodikası ilə yeni aqreqat karbon-dioksidinin tullantısı səviyyəsini dörd faiz azaltmağa imkan verib.

Sürətlənmə zamanı elektromotor DYM-nə yardım edərək daha güclü sürətlənməni təmin edir. Əyləcləmə zamanı isə enerjini batareyalarda toplayır. Sistem mühərriki hərəkət zamanı söndürmək imkanına da malikdir. Mühərrik əyləcləmə zamanı sönür, akseleratora basdıqda isə yenidən işə düşür. Daha bir yenilik dizel mühərriklərinə aiddir. 115 və ya 136 at qüvvəsi təklif edən 1,6-litrlik dizel 1,7-litrlik mühərriki əvəz edib. Ən güclü variant tam çəkiş və yeddi pilləli iki muftalı “robot” ilə tandemdə çalışır.

Zahiri cəhətdən yenilənmiş Sportage başqa ön və arxa bamperi, işıq texnikası, həmçinin 16,17, və 19-düymlük təkər diskləri ilə seçilir. Avtomobilin salonunda yeni sükan çarxını, dəyişdirilmiş cihazlar panelini və oturacaqların iki rəngli tərtibatını göstərmək olar. GT Line təchizat səviyyəsi üçün qırmızı aksentləri olan qara dəri ilə örtülmüş opsional oturacaqlar əlçatandır.

Yenilənmiş Kia Sportage modelinin təchizatına tam dayanma və hərəkətə başlama funksiyası olan adaptiv kruiz-kontrol,  dairəvi görüntü kamerası, sürücünün vəziyyətinə nəzarət sistemi, həmçinin yeddi və ya səkkiz düymlük çərçivəsiz sensorlu ekranı olan multimedia sistemi daxil edilib. Yenilənmiş modelin Azərbaycanda nə zaman satılacağı barədə məlumat verilməyib.

ДРУГИЕ СТАТЬИ