Cadillac şirkətinin sabiq rəhbəri Yohen de Nayssenin əməllərindən biri, üç il bundan öncə markanın mənzil-qərərgahını Detroytdan Nyu-York şəhərinə köçürmək olmuşdur. Bu addım, markanı General Motors konsernin himayəsindən azad etmək üçün atılan ilk addım kimi qiymətləndirilirdi.

Amerikan markasını daha nüfuzlu etmək üçün Cadillac şirkəti öz avtomobillərini alman “üçlüyünün” rəqibi kimi səciyyələndirməyə başladı. Bu hərəkət avtomobillərin bahalaşması ilə nəticələndi, seçilmiş istiqamət uğursuz oldu və Cadillac markasının ABŞ-dakı satışları düşməyə başladı. Bu ilin aprel ayında General Motors konserninin rəhbərliyi Cadillac şirkətinin başına Stiven Karlaylı gətirdi.

İndi isə, şirkətin mənzil-qərərgahının Miçiqana qayıtdığı barədə məlumat peyda olub. Bu məlumatı şirkət daxilindəki mənbələrinə istinadən Automotive News nəşri yayıb. Daha dəqiq desək Cadillac komandasının zirvəsi GM konserninin Uorrendəki texniki mərkəzinin yaxınlığındakı bir binaya köçəcəkdir. Uorren şəhəri Detroyta çox yaxındır, demək olar ki, artıq iki şəhər birləşibdir. Bu o deməkdir ki, şirkət rəhbərliyi yeni modelləri yaradan mühəndislərə, təchizat və istehsalın təşkili ilə məşğul olan mütəxəssislərə daha yaxın olacaqdır.

Cadillac Concept Store, NY

Əsas variantlardan biri kimi, 2014-cü ildə GM tərəfindən alınmış Lowe Campbell Ewald agentliyinin mənzil-qərərgahı göstərilir. Buna baxmayaraq, Nyu-Yorkdakı Cadillac House də yaddan çıxarılmayacaqdır. Beləliklə, menecmentin əksər hissəsi “Böyük almada” işləməyə davam edəcəkdir.

Markanın ürəyi isə yarandığı mənbəyə yaxınlaşacaqdır. Xatırladaq ki, Cadillac şirkəti 1902-ci ildə yaradılıbdır və Detroyt şəhərinin əsasını qoymuş Antuan Lome de Lamot de Kadilyakın şərəfinə adlandırılıbdır. Çox güman ki, şirkət irsini və köhnə amerikan avtomobil mədəniyyətini yada salmaq, yəni öz köklərinə qayıtmaq fikrindədir.