Audi markasını daşıyan elektrik avtomobilləri batareyaların 80 faizini 12 dəqiqəyə dolduracaqdırlar. Alman şirkəti 2020-ci ildə elektrokarlarını 350 kilovatlıq elektrik yükləmə stansiyalarını dəstəkləyən yeni növ batareyalar ilə təchiz etməyi planlaşdırır.

Yeni 350 kilovatlıq stansiyaları dəstəkləyəcək ilk model dördqapılı “qrand tureri” Audi e-tron GT modeli olacaqdır.  Porsche markasının ilk elektrokarı olacaq Taycan belə stansiyaya qoşulacaqdır: 15 dəqiqə ərzində elektrokar yürüş ehtiyatını 400 kilometr artıracaqdır.

Bir müddət bundan öncə təqdim edilən Audi e-tron krossoveri 150 kilovatlıq stansiyalar vasitəsi ilə enerji ehtiyatının 80 faizini yarım saata toplamaq iqtidarındadır. BMW Group, Volkswagen Group, Daimler AG və Ford konsernlərinin daxil olduğu konsorsium artıq Avropanın əsas magistrallarının üzərində Ionity yükləmə stansiyalarının şəbəkəsinin yaradılması ilə məşğul olur. Konsorsium 2020-ci ildə 350 kilovat gücü olan 400 stansiyanı işə salmağı planlaşdırır.