Mercedes komandasının fin pilotu Valtteri Bottas Rusiya Qran Prisinin təsnifat mərhələsinin qalibi olubdur. Valtteri ilə birlikdə ilk sıradan onun komanda yoldaşı Lyuis Həmilton start alacaqdır.

Valtteri liderliyi sıralama sessiyasının üçüncü seqmentindəki il cəhdində ələ keçirib. Onun komanda yoldaşı dörd dünya çempionu Lyuis Həmilton isə Bottasa mində dörd saniyə uduzub. İkinci cəhdindən sonra Valtteri zamanını bir qədər də yaxşılaşdırsa da, Lyuis səhvə yol verərək dövrəni belə başa vurmayıb. Beləliklə, Bottas F1 karyerasındakı altıncı poulunu əldə edib. Üstəlik, Valtteri Bottasın qeydə aldığı 1.31,387 zamanı Soçidəki avtodromun yeni mütləq rekordu olub.

Ferrari komandasının pilotları Soçidə rəqiblərinə meydan oxuya bilməyiblər. Onların gücü yalnız ikinci sıranı tutmağa çatıb - Sebastyan Fettel üçüncü, Kimi Rəykkonen isə dördüncü olub. Fettel liderdən 0,556 saniyə, Rəykkonen isə 0,850 saniyə geridə qalıb.

Beşinci yerdən start alacaq pilot Haas komandasından nümayəndəsi Kevin Maqnussendir. Onunla birlikdə üçüncü cərgədən Force İndia komandasının pilotu Esteban Okon start alacaqdır. Gələn il Ferrari komandasında yarışacaq Şarl Lekler də yaxşı çıxış edərək yeddinci olub. Lekleri Serxio Peres, Romen Qrojan və Markus Eriksson təqib edib.

Soruşa bilərsiniz ki, bəs Red Bull Racing pilotları niyə ilk onluğa düşməyiblər. Bunun səbəbi isə cərimələrdir - Maks Ferstappen, Daniel Rikkardo və Pyer Qasli güc qurğusunun elementlərinin dəyişdirilməsi səbəbindən cərimə alıdıqlarına görə sıralamalarda o qədər də canfəşanlıq etməyiblər. Onlar, hətta ikinci seqmentdə belə trekə çıxmayıblar.

Renault pilotları Karlos Sayns və Niko Hülkenberq də mübarizədən imtina ediblər. 14 və 15-ci yerdə sıralanan pilotlar digər pilotların aldığı cərimə sayəsində yarışı altıncı sıradan başlayacaqdırlar. Bununla belə, onlar yarış üçün şin seçimi etmək şansına malikdirlər.