Ford yeni nəsil Shelby GT500 modelinin ilk tizerini dərc edib

Ford şirkəti Mustang modelinin tarixində olan ən güclü kupenin – növbəti nəsil Shelby GT500 modelinin tizerini nümayiş etdirib. İlkin məlumata görə, 700 at qüvvəsi hasil edən kompressorlu səkkiz silindrli mühərrikə malik olan kupenin debütü gələn il baş tutacaqdır.

Dərc edilmiş tizerdən də göründüyü kimi, “bərkgedən” kupe adi modeldən genişləndirilmiş təkər tağları, kapotda olan iri havalandırma girişi, splitter və karbondan hazırlanmış iri arxa antiqanadla seçiləcəkdir. Son dəfə GT500 indeksinə malik olan Mustang modelini 2012-ci ildə təqdim ediblər. Super Snake adlandırılan modifikasiya iki güc variantında təklif edilən kompressorlu V8 mühərriki ilə təchiz edilirdi.

Onlardan birincisi - 672, ikincisi isə 857 at qüvvəsi hasil edirdi. Ən güclü mühərrikə malik olan kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənirdi.

Hazırda Ford Mustang kupesinin ən güclü modifikasiyası Shelby GT350 modelidir. Kupe 533 at qüvvəsi və 582 Nm hasil edən 5,2-litrlik atmosfer tipli V8 mühərriki ilə təchiz edilir.

ДРУГИЕ СТАТЬИ