BMW yay öncəsi etdiyi yeniliklərdən "danışıb"

BMW X3 krossoverinin pərəstişkarlarına şad xəbərimiz var. Məlum olduğu kimi, X3 modeli M Performance xəttindən olan yeganə “qaynar” modifikasiyada - M40i variantında təklif edilir. Əlbəttə, BMW X3 modelinin aşıqləri buna da şükür edə bilərlər, çünki əvvəlki nəsil krossoverin belə bir modfikasiyası ümumiyyətlə təklif edilmirdi.

Xatırladaq ki, yeni nəsil X3 M40i modeli 360 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik benzin “turboaltılığı” ilə hərəkətə gəlir. Keçən il debüt edən bu modelin təqdimatı zamanı şirkət daxilindəki mənbələr analoji BMW X3 M40d modifikasiyasının hazırlandığına da işarə vurmuşdurlar.

Budur, bu gün alman istehsalçısı rəsmi olaraq belə modifikasiyanı təqdim edib. BMW X3 M40d krossoverinin kapotunun altında 326 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altı silindrli  turbodizel yerləşdirilib. “Qaynar” dizel modifikasiyası 100 km/saat həddinə 4,9 saniyə sürətlənir.

BMW X4 xDrive30d

Eyni zamanda, bavariyalılar digər modellər üçün də yenilikləri hazırlayıblar. Belə ki, bu ilin avqust ayında  BMW X4 krossoverinin 265 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 3,0-litrlik dizel mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz olunmuş xDrive30d modifikasiyası buraxılmağa başlayacaqdır. Bu model təqdimat zamanı anons edilsə də, istehsala getməyib.

Bundan başqa,  səkkiz pilləli Steptronic avtomatik ötürmələr qutusu bir sıra BMW modelləri üçün standart olub. Bunlara misal olaraq 1-Series hetçbekini (120i və M140i), 3-Series sedan, universal və hetçbekini (320i GT, 320i xDrive Sedan, 320i xDrive Touring, 320i xDrive GT, 330i Sedan, 330i Touring, 340i Sedan və 340i xDrive Sedan)  göstərmək olar.

BMW 1-Series Edition Metropolitan

Analoji olaraq səkkiz pilləli “avtomat” 420i Convertible, 420i Xdrive Gran Coupe, 430i Convertible, 430i Gran Coupe, 440i Coupe, 440i xDrive Coupe, 520d Sedan və 520d Touring modelləri üçün də standart olacaqdır. Adı çəkilən modellərin əksər hissəsi səkkiz pilləliavtomatik qutunu iyul ayında əldə edəcəkdirlər, qalanları isə, standart olaraq avtomatik transmissiya ilə bir müddət sonra təchiz olunacaqdırlar.

Edition Metropolitan dəsti, M140i modifikasiyası istisna olmaqla, BMW 1-Series modelinin bütün modifikasiyaları üçün təklif ediləcəkdir. Bu seriyadan olan avtomobillər zəngin təchizat səviyyəsinə malik olacaqdırlar. Onların  avadanlıq siyahısına Business naviqaslya sistemi, ön və arxa parklanma vericiləri, Comfort Access yeyin giriş sistemi, parklanma köməkçisi, arxa görüntü kamerası və nişanları tanıma funksiyası daxildir.

ДРУГИЕ СТАТЬИ