Arden atelyesi Jaguar XE modelinin "bərkgedən" variantını hazır edib

Almaniyanın Krefeld şəhərində yerləşən Arden atelyesi Jaguar avtomobillərinin tüninqi ilə məşhurlaşıb. Bundan əlavə, almanlar Land Rover, Bentley və Mini kimi britaniya istehsalçılarının modelləri üçün də tüninq dəstləri təklif edir.

Alman tünerinin təklif etdiyi kataloqda XE sedanı üçün də müxtəlif təkmilləşdirmələr proqramları mövcuddur.

Bunlardan ən sadəsi sedanın mühərrikinin gücünü 50 at qüvvəsinə qədər artırmağı nəzərdə tutur. Məlum olduğu kimi, Jaguar XE modeli “bərkgedən” SVR modifikasiyasına malik deyildir. Almanlar bundan istifadə etmək qərarına gələrək AJ 24 RS adlı sedanı hazırlayıblar. Sedan tərkibinə havalandırma girişləri olan kapot,  yeni formalı ön və arxa bamperlər, genişləndirilmiş təkər tağları, arxa antiqanad və diffuzor, 20-düymlük Sportline GT təkər diskləri, həmçinin buraxılış sisteminin xüsusi formalı boruları daxil olan aerodinamik kuzov dəstinə sahibdir.

Bütün bu dəyişikliklər salonun yüksək kefiyyətli dəri ilə üzlənməsi, alüminiumdan pedal və kandar üzlükləri, həmçinin xüsusi yazıları olan ayaqaltılar ilə tamamlanır.

Məlum olduğu kimi, Jaguar XE sedanının kompressorlu 3.0-litrlik V6 mühərriki 380 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. Arden mütəxəssislərinin müdaxiləsindən sonra aqreqatın gücü 463 at qüvvəsinə və 583 Nm fırlanma anına qədər artırılıb. Bunun üçün onlar səsboğucu sistemi dəyişərək mühərrikin proqram təminatını yeniləyib və kompressorunu təkmilləşdiriblər. Bundan əlavə, avtomobilin asqı sistemi də yenidən nəzərdən keçirilibdir.

Təəssüflər olsun ki, tüner avtomobilin dinamikasındakı dəyişikliklər barədə məlumat verməyib. Hazırda Jaguar şirkəti 300 nesxəlik tirajla buraxılacaq 600 at qüvvəli XE SV Project 8 sedanını təklif edir. Şirkət rəhbərliyi XE sedanın SVR variantının buraxılmayacağını bəyan etsə də, bu günlərdə fotocəsuslar sedanın maraqlı prototipini qeydə alıblar. Çox güman ki, Jaguar rəhbərliyi “daşı ətəyindən tökmək” qərarına gəlib.

Jaguar XE SV Project 8

ДРУГИЕ СТАТЬИ