Bakı şəhərində hərəkətin təşkili sahəsində çoxsaylı problemlər mövcuddur. Mövcud olan problemləri təhlil edərək onların aradan qaldırılması üçün iri miqyaslı işlər görülməlidir. Məlumdur ki, yollardakı xəttlərin və nişanların əksər hissəsi heç də sürücülərin işlərini asanlaşdırmağa xidmət etmir. Qanunvericilikdə nəzərdə tutulan bir sıra nişanlardan, demək olar ki, küçələrimizdə nadir halda rast gəlmək olar. Buna misal olaraq, zolaqlarda hərəkət istiqamətini bildirən 5.8.1. – 5.8.7. nişanları göstərmək olar.

Ümumiyyətlə, sürücülərin məlumatlandırılması sahəsində vəziyyət qənaətbəxş deyildir. Lakin, son zamanlar bu məsələnin Bakı nəqliyyat agentliyinə həvalə edilməsi və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin yaxşılaşacağına ümid yaradır.  Məsələn, bu yaxınlarda social şəbəkələrdə böyük səs-küyə səbəb olan yolayrıcına çəkilmiş sarı torabənzər nişanlamanı götürək. Yeri gəlmişkən, bu nişanlama artıq Rusiya Federasiyasının bir çox şəhərlərində tətbiq edilir.

Hər kəsə məlumdur ki, bizim sürücülər o qədər də nizam-intizamları ilə seçilmirlər. Şəhərdə tıxacların yaranmasının əsas səbəblərindən biri ikinci cərgədə park edilən avtomobillər ilə yanaşı, sürücülərin yol kəsişmələrində etdikləri məsuliyyətsiz hərəkətlərdir.  

Foto Tural Yusifovundur

Yol hərəkəti haqqında qaydalarının 75-ci maddəsinin ikinci bəndində deyilir: “Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır”.  Buna baxmayaraq, sürücülərin əksəriyyəti buna məhəl qoymur və məntiqə sığmayan hərəkətləri ilə tıxacların yaranmasına səbəb olurlar.

Yeni tətbiq edilən nişanlanma sürücüləri bu addımlardan çəkindirmək məqsədini güdür. Belə addımları yalnız alqışlamaq lazımdır. Lakin, iş xətti cəkməklə bitmir, ilk növbədə sürücüləri maarifləndirmək gərəkdir. Digər tərəfdən, cəzasızlıq məntiqsiz addımları atmağa söv edən əsas amildir. Bu məsələdə isə Dövlət Yol Polisi əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür.

Ümid edək ki, aparılan işlər və tətbiq edilən yeniliklər öz bəhrəsini verəcəkdir.