Volvo 60-cı seriyadan olan modellər üçün idman dəstini hazırlayıb

Volvo şirkəti 60-cı seriyadan olan avtomobillər üçün xüsusi Polestar Engineered idman dəstini hazırlayıb. İlkin olaraq, Volvo S60 modeli üçün təklif edilən idman dəsti, isveç istehsalçısına Audi S4 və BMW 340i M Sport modelləri ilə rəqabət aparmaq imkanı verəcəkdir.

Yeni idman dəsti T8 Twin Engine mühərriki ilə təchiz edilən modellər üçün təklif olunacaqdır.  İdman dəstini birinci olaraq hibrid S60 sedanı, sonra isə V60 universalı və XC60 krossoveri əldə edəcəkdir. Bu dəstlə təchiz edilmiş avtomobillərin asqı və əyləc sistemləri, həmçinin mühərrikin idarəetmə elektronikası təkmilləşdiriləcəkdir.

Məlumdur ki, Volvo S60 T8 Twin Engine modeli tərkibinə 2,0-litlik dörd silindrli turbomühərrik və elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid qurğu 390 at qüvvəsi hasil edir. Polestar Engineering dəsti bu qurğunun gücünü 409 at qüvvəsinə, fırlanma anını isə 670 Nm-ə qədər artırmağa imkan verir. Bununla belə, istehsalçı S60 Polestar Engineering modelinin dinamik xarakteristikalarını açılamayıb. Onlar modelin daha qənaətçil olduğunu bildiriblər.

Xatırladaq ki, adi S60 T8 sedanı 100 km/saat həddini 5,1 saniyəyə toplayır.

İdman dəsti eyni zamanda sedanın şassisinin də təkmilləşdirilməsini nəzərdə tutur. Avtomobil Polestar 1 kupesindən alınmış asqı ilə təchiz edilir ki, bu da tənzimlənən Ohlins amortizatorlarının və ön dirəyin quraşdırılmasını nəzərdə tutur. Bundan başqa, avtomobil iri diskləri və qızılı rəngli supportları olan Brembo əyləc mexanizmlərinə də sahib olacaqdır.  

Polestar Engineered dəsti ilə təchiz edilmiş modellər zahiri cəhətdən xüsusi dizayn elementləri və səsboğucu sistemin iri ölçülü parlaq qara rəngli çıxış boruları ilə fərqlənəcəkdir. İnteryerdə isə, qara dəri və parça ilə üzlənmiş, həmçinin seçilən tikişləri olan idman oturacaqlarını və qızılı rəngli təhlükəsizlik kəmərlərini görmək olar.

ДРУГИЕ СТАТЬИ