Audi şirkəti növbəti nəsil A1 Sportback modelinin tizerini dərc edib

Bu günlərdə Audi şirkəti özünün Facebook sosial şəbəkəsindəki səhifəsində maraqlı bir tizer yayıb. Bu yeni nəsil Audi A1 hetçbekinin mərkəzi konsolunun fotoşəklidir. Fotoşəkildəki sensorlu ekranda “Barcelona” sözünün yazıldığını görmək olar. Bu da yeni modelin İspaniyanın Barselona şəhərində təqdim ediləcəyindən xəbər verir.

Bu günə qədər yığcam A1 modeli haqqında məlum olanlar onun üçqapılı variantdan məhrum ediləcəyi və böyük qardaşı A3 Sportback kimi yalnız beşqapılı variantda buraxılacağıdır. Bundan başqa, yeni A1 Sportback modelinin Volkswagen konserninin MQB modul platformasında inşa ediləcəyi də bildirilibdir. Audi A1 Sportback modelinin istehsalının Belçikadan Seat şirkətinin Martorele şəhərindəki zavoduna keçiriləcəyi də məlumdur.

Dərc edilən tizer isə, bizə digər bir məqamdan xəbər verir. Yeni premium supermini yeni nəsil MMI Touch məlumat-əyləncə sistemi ilə təchiz ediləcəkdir. Üstəlik, multimedia sisteminin displeyi ön panelin üzərində deyil, əksinə panelin daxilinə inteqrasiya edilibdir. Burada Audi fanatlarına tanış olan klimat-kontrolun idarəetmə blokunu da görmək olar.  Bundan başqa, multimedianı idarə etmək üçün fiziki düymələrin olmaması da diqqəti çəkir.  

Böyük ehtimalla, yeni nəsil A1 Sportback modeli də digər müasir Audi modelləri kimi 12,3-düymlük virtual cihazlar paneli ilə də təklif ediləcəkdir. Çox güman ki, bu panel yalnız bahalı modifikasiyalar üçün nəzərdə tutulubdur. Modelin baza variantı analoq cihazları ilə təklif ediləcəkdir.

Yeni model haqqında məlumat çox azdır, lakin onun gələn həftə Barselonada təqdim ediləcəyi barədə şayiələr dolaşmaqdadır.

ДРУГИЕ СТАТЬИ