Almaniyanın Nəqliyyat nazirliyi dizel mühərriklərinin zərərli tullantılarının məlumatları ilə manipulyasiya hallarının araşdırılması çərçivəsində 100 min Opel avtomobilini geri çağırmağı tələb edib. 2016-cı ildə istehsalçı müəyyən hallarda işlənmiş qazların təmizlənməsi sistemini söndürən xüsusi proqram təminatının olduğunu etiraf edib. Lakin, şirkət bu təminatı ekoloji qanunvericilikdə olan boşluqdan yararlanaraq qaydalar çərçivəsində istifadə etdiyini bildirmişdir.

Reuters agentliyinin məlumatına görə, 2015-ci ildə alman nazirliyi Opel modellərində zərərli tullantıların səviyyəsini dəyişən dörd müxtəlif proqram təminatını aşkar etmişdir. Beşinci proqram təminatı isə 2018-ci ilin əvvəlində aşkar edilmiş və aprel ayında bu barədə Frankfurt prokurorluğuna məlumat verilmişdir. Keçən bazar ertəsi nazirliyin əməkdaşları Opel şirkətinin Rüllelshaym və Kayzerslauterndəki zavodlarında axtarışlar ediblər.

Opel şirkətinin rəhbərliyi zərərli tullantıların səviyyəsi ilə manipulyasiya edilməsi və tədqiqatın uzadılması barədə bütün ittihamları rədd edir. Əgər nəqliyyat nazirliyi Cascada, Insignia və zafira modellərinin geri çağrılması barədəd qərar qəbul edərsə, şirkət bu qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edəcəkdir.