Tesla Model 3 elektrokarının model xəttində yeni başlanğıc variantı peyda olub. Mid Range RWD adlandırılan modifikasiya dövlət subsidiyası nəzərə alınmaqla 33,2 min, subsidiyasız 45 min dollara satılacaqdır. Elektrokarın EPA dövrü üzrə bəyan edilən yürüş məsafəsi 418 kilometrdir. 100 km/saat həddinə arxa çəkişli Model 3 5,6 saniyəyə sürətlənir.

Motor.ru saytının bildirdiyinə görə, yeni variantın irəli sürülməsi ilə Tesla kataloqundan daha uzaq yürüş məsafəsinə malik olan arxa çəkişli Model 3 yoxa çıxıb. Bu modifikasiya 499 kilometr qət edirdi və 49 min dollara satılırdı.

İlon Mask bu modeli yaxın bir-iki həftə ərzində sifariş etməyin mümkün olacağını bildirib. Eyni zamanda, tam çəkişli Long Range və Performance modifikasiyalarına da sifarişlər qəbul olunur. Onların hər ikisi 499 kilometr qət edirlər. 100 km/saat həddinə bu versiyalar müvafiq olaraq 4,5 və 3,3 saniyəyə sürətlənirlər. Tam çəkişli modifikasiyaların qiyməti 54 və 78 min dollar təşkil edir.