Yaponiya mütəxəssislərinin hazırladığı hiperkar barədə eşitmisinizmi? Yazırlar ki, artıq Bugatti də, Koenigsegg də tir-tir əsməlidir. Aspark OWL adlanan avtomobilin dinamik xüsusiyyətləri inanılmazdır. Məhz buna görə Paris-2018 avtoşousunda onu görəndə gözlərimə inanmadım, çünki ətrafında heç bir ajiotaj yox idi...

Amma sən demə bütün dünyadan sərgiyə təşrif buyurmuş  kolleqaları təəcübləndirmək üçün bu stenddə - bir, mənim heyrətlənməyim üçün isə - iki səbəb varmış. Birinci səbəb hiperkarın elə özü, ikincisi isə həmən stenddə rastlaşdığım bir gənc oldu…

Birincidən başlayım. Yapon dilindən hiperkarın adı «bayquş» kimi tərcümə olunsa da, «xasiyyətcə» o daha çox ildırıma yaxındır. Son testlərdə o saatda 100 km sürətini 1.9 (!) saniyəyə toplayıb. Maraqlıdır ki, avtomobil adi yollarda istifadə olunmaq üçün sertifikat alacaq. Lakin sən demə rekordun qeydə alınma prosesi Avropa standartlarına uyğun keçirilməyib. Məsələn startdan qabaq təkərlər Formula 1 sayağı xüsusi kameralarda qızdırılıb.  İkincisi - elektrik motorları avtomobilin akkumlyatorlarından yox, yüksək tutumlu ultra-kondensatorlardan qidalanırmış və s… 

Görünür buna görə «qoca qitədə» bu hiperkar hələlik sensasiya kimi dəyərləndirilmir və parlaq dizaynlı, karbon kuzovlu avtomobil sərgidə də tənha qalmışdı. Avtomobilə diqqətimi görən kompaniya təmsilçisi, çəkilişim bitən kimi yaxınlaşıb, mənə «press-reliz» uzatdı və əvəzində vizit kartımı aldı. Yaponsayağı ədəb ərkanla sağollaşıb, stendi yenicə tərk etmişdim ki, qaça-qaça, tənginəfəs halda gəlib, geriyə qayıtmağımı xahiş etdi…

Bu dəfə təəccübümün, heyrətimin, fəxrimin səbəbi həmyerlimiz Aqşin Bədəlbəyli oldu. Sən demə «Aspark»ın ən perspektivli layihələrdən biri bu azərbaycanlı gəncə həvalə olunub. Aqşinlə qısa müsahibəmdən bəlli oldu ki, Bakı Dillər Universitetinin yaponşünaslıq bölməsini bitirdikdən sonra, Tokioda təhsilini davam edirərək, maqistr səviyyəsinə yiyəlnib. Daha sonra ən yeni texnologiyalara, avtomobillərə olan marağı, biliyi, işgüzarlığı sayəsində bu günki mövqesinə yüksəlib və əminəm ki, daha da yeni zirvələrə yüksələcək. Elə Aspark hiperkarının da tezliklə dünya səviyyəsində fırtına qoparacığına şübhəm yoxdur. Bununla belə istedadlı gənclə bütün söhbətimiz zamanı məni bir fikir rahat buraxmırdı: insan nə qədər təvəzökar olarmış?!

Hər gün bayağı telekanallarda, bayağı mahnıları, bayağı fonoqramla ifa edib, «Məndən yoxdur, yekəm!» - qışqıranları səkkiz yaşlı oğlumdan gizlətmək istəyi ilə «Discovery»ni qoşmağa tələsdiyim halda, bu müsahibə efirə gedərkən, «Autograph» proqramını izləyərik…

Image alt Image alt Image alt Image alt Image alt