Daimler AG konserni 2018-ci ilin 9 ayı ərzində əldə etdiyi nailiyyətləri açılayıb. Doğrusunu söyləmək gərəkdirsə, bu nəticələr o qədər də ürəkaçan deyildir. Konsernin satışları keçən ilə nisbətən 4%, təmiz gəliri isə 21% azalıbdır. Əlbəttə, bu göstəricilər bizi deyil, əsasən konsern rəhbərliyini narahat etməlidir. Bizə maraqlı olan isə, 2019-cu ildə debüt edəcək yeni modellərdir.

Bunun üçün isə, konsernin dərc etdiyi qrafikə nəzər salmaq kifayətdir. Qrafikdəki ardıcıllıq modellərin debüt tarixinə əsasən deyil, satışa çıxarılacağına əsasən tərtib edilibdir. Məsələn, bu il işıq üzü görmüş B-Class, GLE və EQC modelləri 2019-cu ilə aid edilibdir. Qrafikdə göstərilən dörd yeni modelin təqdimatı isə burada göstərilən vaxtdan 3-4 ay əvvəl keçirilməlidir.

Alman istehsalçısının ən yaxın təqdimatının Mercedes-Benz V-Class miniveninin növbəti nəslinin debütü olduğu aydın görünür. Plan üzrə GLC və GLC Coupe krossoverlərini də yenilənmə gözləyir. Bu modelləri zahiri cəhətdən cüzi dəyişikliyə məruz qalacaqdırlar. Krossoverlərin mühərrik çeşidində isə ciddi dəyişikliklər olmalıdır.

CLA 4-door və CLA Shooting Brake modelləri də planlaşdırılan yeniliklər arasındadır. Nəhayət, azərbaycanlı müştərilərin marağına səbəb olacaq vacib yenilik, GLS modelinin yeni nəslinin təqdimatı olacaqdır. Qrafikdəki sonuncu model olan 8th Compact Car kod adı ilə isə, çox güman ki, GLB krossoveri nəzərdə tutulur.