Nəhayət ki, Toyota şirkəti yeni nəsil Supra modelinin debüt tarixini açıqlayıb. Yapon istehsalçısının ən böyük sirrinə çevrilmiş model, gələn ilin yanvar ayında işinə başlayacaq Detroyt avtosalonunda təqdim ediləcəkdir. Bu barədə istehsalçının mətbuat xidməti məlumat verib.

Əvvəllər Supra modelinin bu il debüt edəcəyi gözlənilirdi, çünki yapon kupesi ilə eyni platformaya və güc aqreqatlarına malik olan BMW Z4 rodsteri bir müddət bundan öncə təqdim edilmişdir. Almanlar yeni modeli təqdim edərkən, yaponlar Supra modelinin NASCAR çempionatı üçün hazırlanmış variantını nümayiş etdirməklə kifayətlənibdir. Əlbəttə ki, mütəmadi olaraq modelin kamuflyajlı prototipləri də cəsuslar tərəfindən yaxalanıbdır. Hətta, yapon istehsalçısı jurnalistlərə bu prototipləri sınaqdan çıxarmaq imkanı versə də, avtomobili nümayiş etdirməkdən çəkinibdir.

Artıq əminliklə söyləmək olar ki, ilin əvvəlində debüt edəcək Toyota Supra modelinin satışları 2019-cu ilin birinci yarısında başlanacaqdır. Avtomobilin hansı bazarlarda və hansı qiymətə satılacağı haqqında məlumat onun təqdimatı zamanı açıqlanacaqdır.