Nissan şirkəti ilə Italdesign atelyesinin birgə hazırladığı və ən bahalı layihə olan GT-R50 modeli haqqında kifayət qədər məlumat vermişik. Nissan GT-R sportkarının 50 illik yubileyinə həsr edilmiş model 720 at qüvvəsi hasil edən V6 turbomühərriki və Bilstein komponentlərinə malik olan asqı ilə təchiz edilib. Qeyd etmək lazımdır ki, tərəflər GT-R50 modelini 50 nüsxəlik məhdud saylı tirajla buraxmağı nəzərdə tutublar.

Öncədən qəbul edilmiş plana əsasən yeni superkarlar sahiblərinə bu il çatdırılmalı idilər. Lakin, ilin sonunun yaxınlaşdığını və hələlik alıcıların avtomobillərini səbirsizliklə gözlədiklərini nəzərə alsaq, yapon və italyanların planlarının suya düşdüyünü söyləmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Beləliklə, Nissan şirkəti konveyerdən çıxacaq ilk müştəri avtomobilinin gələn ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda nümayiş etdiriləcəyini bəyan edib. Qalan avtomobillər isə sahiblərinə 2020-ci ilin sonunda çatdırılacaqdırlar.  Yeri gəlmişkən, Nissan GT-R50 modelinin bütün nüsxələri demək olar ki satılıb. Yapon istehsalçısı 50 avtomobildən bir neçəsinin hələlik sahibsiz olduğunu da bildirib.

Nissan şirkətindən verilən məlumata görə, Nissan GT-R50 modelinin xoşbəxt sahibləri hazırda aldıqları avtomobilləri fərdiləşdirməklə məşğuldurlar. Qeyd etmək lazımdır ki, Nissan GT-R50 bu ailənin tarixində olan ən bahalı superkardır. Modelin bəyan edilmiş minimal qiyməti bir milyon avro təşkil edir.