Dünən Almaniyanın Nürburqrinq avtodromunda keçirilən ikinci yarışın qalibi Rene Rast olub. Qüvvədə olan dünya çempionu keçən həftəsonu Eyfeldə keçirilmiş mərhələdə iki poul və iki qələbə əldə edərək Audi komandasının rəhbərliyini sevindirib.

Sirr deyildir ki, İnqolştat istehsalçısı keçən il çempionatda böyük üstünlüyə malik olsa da, bu il uğursuz çıxışları ilə yadda qalıb.

Yeni mövsüm üçün hazırlanmış Audi RS5 DTM avtomobili sürət baxımından rəqiblərindən xeyli geridə qalır. Odur ki, Renenin əldə etdiyi poullar və qələbələri sensasiya kimi qəbul etmək olar. İkinci yarışa da pouldan başlayan Rast startda liderliyi itirmək təhlükəsi ilə üzləşsə də, rəqiblərinin onu keçməsinə imkan verməyib. Əla start alan Lukas Auer (Mercedes) onu keçməyə cəhd etsə də, Rene mövqeyini qorumağa müvəffəq olub.

Auerin Timo Qlokla (BMW) toqquşmasından sonra Rast Qəri Paffettin (Mercedes) hücumlarından müdafiə olmaq məcburiyyətində qalıb.

Qələbənin taleyi məcburi pit-stoplarda həll edilib. Liderlərdən birinci pit-stopa yollanan Rene Rast olub. Qəri Paffett isə bir qədər gec pitə yollanmağa qərar verib. Britaniyalı pilotun pit-stopu zamanı mexaniklər arxa sağ təkəri bağlamaqda çətinlik çəkiblər.

Üstəlik, Qəri pit-leynlə hərəkət edən avtomobilləri gözləməliu olub. Nəticədə ikinciliyə onun komanda yoldaşı və əsas rəqibi Pol di Resta yüksəlib. Üçünçü mövqeyə isə, Marko Vittmann (BMW) yüksəlib. Rəqibləri ilə yeddi saniyədən çox ara məsafəsi yaradan Rast rahatlıqla finiş xəttini birinci olaraq keçib.

Di Resta ikinci, Vitmann isə üçüncü olub. Çempionata liderlik edən Qəri Paffet isə yarışı beşinci yerdə bitirib.  Hazırda o 206 xalla pilotlar birinciliyinə başçılıq edir. Pol di Resta Paffettdən iki xal geridədir. Rene Rast iki qələbəsi sayəsində 149 xal toplayaraq üçüncülüyə yüksəlib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt