Nyu-Yorkda yerləşən Vanguard Motorcycles şirkəti ilk məhsulu olan Roadster adlı motosikli təqdim etmişdir. Lakin, motosikl həvəskarlarını bir qədər məyus etməli olacağıq - çünki təqdim edilmiş bu möhtəşəm aparat hələ prototip statusunda çıxış edir.

Vanguard şirkəti yeni prototipi 9 dekabr tarixində Nyu-Yorkda nümayiş etdirmişdir. Roadster klassik V-twin mühərrikinin və cəsarətli konstruktor həllərinin möhtəşəm vəhdətidir. Əlbəttə ki, bayka nəzər salsaq, hər bir detal üzərində diqqətlə işlənildiyini görə bilərik. Yeni bayk bir çox motohəvəskarlarına amerikan brendi olan Confederate texniki monstrlarını xatırlada bilər. Bu heç də təsadüfi deyildir. Vaxtı ilə, dizayner-konfederatlara başçılıq etmiş Edvard Ceykobs və Confederate şirkətinin direktorlar şurasının üzvü olmuş Fransua-Ksavye Terni yeni layihənin müəllifləridir. 

250 kiloqram çəkiyə malik olan motosikl 1917 sm3 iş həcmi olan S&S V-twin mühərriki ilə təchiz edilmişdir. hava ilə soyudulan və ştanqavari itələyiciləri olan mühərrikin silindirlərinin maillik bucağı 56 dərəcə təşkil edir. Güc aqreqatı altı pilləli ötürmələr qutusu ilə təchiz edilmişdir.

Mühərrikin fırlanma anı arxa təkərə kardan valı vasitəsilə ötürülür. Vanguard Roadster prototipinin yaradıçıları baykın hazırlanmasında alüminiumdan gen-bol istifadə etmişdirlər. 

Ümumiyyətlə, baykın 21-litrlik yanacaq çəninin oturacağa tərəf «axan» forması həddən ziyadə gözəl alınmış və bütövlük nümayiş etdirir. Motosiklin güzgülərinin yoxluğu diqqətinizi çəkmiş olmalıdır - onları arxa hissədə yerləşdirilmiş rəqəmsal kamera əvəz edir ki, alınan görüntülər cihazlar panelindəki displeydə əks etdirilir.

Baykın asma və əyləc mexanizmləri də demək olar ki, hər bir baykerin arzuladığı Öhlins və Brembo firmalarının məhsuludur. İsveçdən olan asma sənətkarları tərsinə çevirilmiş ön çəngəli tənzimləmələrin tam dəsti ilə təchiz etmişdirlər. Bundan başqa, arxa təkərin konsolşəkilli bərkitməsinə də diqqət yetirmək olar.

Motosikl öndə dörd porşenli supportları olan 320 millimetrlik, arxada isə iki porşenli supportları olan 245 millimetrlik əyləc mexnizmləri ilə təchiz edilmişdir. Amerikalılar gələcək müştərilərinə eni 200 və ya 240 millimetr olan 18-düymlük arxa təkərlərdən birini seçmək imkanı da vermək fikrindədirlər. Vanguard Roadster modelinin seriya variantı 2018-ci ildə işıq üzü görməlidir. Artıq onun qiyməti də bəllidir - 30 min ABŞ dolları. Roadster modelinin ardınca Cruiser və Racer modelləri də buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt