Opel Astra ailəsinin inkişafı qohum Peugeot 308 modeli ilə eyni ssenari üzrə aparılır. Xatırladaq ki, fransız istehsalçısı hələ sentyabr ayında elektrik güc qurğusu ilə hərəkətə gələn Peugeot E-308 modelini təqdim etmişdi və bu gün Astra modeli də bənzər modifikasiyaya sahib olub. Fransız həmkarı kimi, batareyalı Opel Astra Electric də hetçbek və universal kuzovları ilə təklif olunur. Artıq Astra ən geniş güc aqreqatları çeşidinə sahibdir –hazırda onun mühərrik çeşidində benzin, dizel və hibrid variantları var.

Texniki cəhətdən Astra Electric demək olar ki, Peugeot E-308 ilə eynidir. Ön oxda 156 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən elektrik mühərriki quraşdırılıb: artırılmış fırlanma anı demək olar ki, alman modelini fransız qohumundan fərqləndirən yeganə əhəmiyyətli cəhətidir. Xatırladaq ki, Peugeot elektrokarında bu göstərici 260 Nm-dir. Bununla belə, mühərrik bu parametrləri yalnız Sport hərəkət rejimində hasil edir, Normal və Eco rejimlərində isə, bu göstəricilər azaldılır.

Litium-nikel-manqan-kobalt ərintisindən katodu olan litium-ion batareyası 54 kilovat/saat (51 kilovat/saatı istifadə olunur) tutuma malikdir. Tam dolu batareyanın ehtiyatı WLTP dövrünə əsasən 416 kilometrlik yürüyüşə kifayət etməlidir. Dəyişkən cərəyanlı baza yükləmə cihazı 11 kilovat gücə malikdir, 100 kilovatlıq daimi cərəyanlı terminaldan isə batareyanın 20%-dən 80%-ə qədərini 26 dəqiqə ərzində doldurmaq olar. Maksimal sürət - 170 km/saatdır.

Eksteryer və interyer dizaynı baxımından Astra Electric digər versiyalardan demək olar ki, fərqlənmir. Bununla belə, batareyalı avtomobillər yalnız zəngin təchizat səviyyələrində təklif edilirlər. Onların təchizatına, məsələn, matrisa fənərləri, 10-düymlük cihazlar paneli və digər avadanlıqlar daxildir. 18-düymlük standart təkər diskləri orijinal dizaynı ilə seçilirlər. Praktiklik baxımından Astra Electric hibridlə eynidir: məsələn, universal kuzovlu versiyanın baqaj bölümü 516 - 1553 litrə (döşəmə altındakı bölmələr istisna olmaqla) arasında tutuma malikdir. Benzin və dizel versiyaları isə 597-1634 litr arasında məkan təklif edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opel Astra Electric hetçbeki Avropa bazarına 2023-cü ilin yayında, Astra Electric universalı isə, həmin ilin sonuna qədər çıxarılacaqdır. Hələlik qiymətlər açıqlanmayıb, lakin batareyalı Astra Electric modelinin qiymətinin 40.000 avrodan başlayacağı ehtimal olunur. Məlumat üçün: benzin versiyasının qiyməti 25 510, hibridin isə, 38 650 avrodan başlayır. 2028-ci ilə qədər, Opel şirkəti Avropada tamamilə elektromobillərə keçmək niyyətindədir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.