XIX əsrin sonlarından bəri mövcud olan və XX əsrin ikinci yarısından etibarən Frankfurtda keçirilən Beynəlxalq Alman Avtomobil Salonunun (Internationale Automobil-Ausstellung, IAA) bundan sonra Münhündə baş tutacaqdır. Lakin görünən odur ki, avtosalonun Münhendəki debütü, milli avtomobil istehsalçılarından birinin iştirakdan imtina etməsi səbəbi ilə məyusluqla nəticələnə bilər.

Belə ki, Opel şirkəti bu avtosalonda iştirak etməyəcəkdir. Üstəlik, yeni yaradılan Stellantis konserninə daxil olan digər markalar da bu tədbirdə təmsil olunmayacaqlar.  Bu barədə Automotive News nəşrinə ittifaqın nümayəndəsi xəbər verib. Bu isə, Peugeot, Citroen, Fiat, Alfa Romeo və Jeep markalarından olan avtomobillərin Münhendə sərgilənməyəcəyindən xəbər verir.

Stellantis ittifaqı qəbul edilmiş qərar barədə heç bir izahat verməyib, amma iştirakdan imtinanın səbəbi bəllidir – ittifaqın qəbul etdiyi yeni marketinq strategiyası. Yeni strategiyada üstünlük çoxmarkalı bahalı sərgilərə deyil, fərdi tədbirlərə verilir. Məsələn,avqust ayında, Münhen avtosalonunun açılmasına bir ay qalmış, Opel şirkəti Astra modelinin yeni nəslini nümayiş etdirəcəkdir. Xatırladaq ki, bir həftə bundan əvvəl şirkət yenilənmiş Grandland krossoverini ayrıca tədbirdə nümayiş etdirmişdi.

Stellantis ittifaqından başqa, Jaguar Land Rover, Toyota və Kia şirkətləri də Münhen avtosalonunda iştirakdan imtina ediblər. Lakin sərgidəki stendlər heç də boş qalmayacaqlar: artıq Volkswagen, Ford, Dacia, Polestar, Audi, Porsche, Cupra, Mercedes-Benz, BMW, Nio, Wey markaları, eləcə də motosiklet istehsalçıları və texnologiya şirkətlər iştiraklarını təsdiqləyiblər.

IAA Mobility sərgisi sentyabr ayının 7-dən 12-dək Münhendə keçiriləcəkdir. Media nümayəndələri 6-7 sentyabr tarixlərində sərgidə işləyə biləcəklər. Məhz bu günlərdə sərginin yenilikləri barədə məlumatla tanış ola biləcəyik. (c)