Kiçik italyan istehsalçısı olan Pagani şirkəti növbəti şedevrini hazırlayır. Bu günlərdə Pagani Huayra modelinin kamuflyaja bürünmüş maraqlı bir nüsxəsi paparazzilərə rast gəlib. Yeni prototip adi Huayra modelindən təkmilləşdirilmiş ön hissəsi, üzgəci olan iri arxa antiqanadı və ikimərtəbəli diffuzoru ilə seçilir.

Qeyri-rəsmi məlumata görə, yeni prototip Pagani Huayra Dragon modelinin ekstremal versiyasıdır. Xatırladaq ki, Pagani Huayra Dragon modeli Rusiyanın TopCar atelyesinin sifarişi ilə yeganə nüsxədə istehsal edilmişdi. Sonradan Pagani bu hiperkarın daha beş nüsxəsini yığmaq qərarına gəlib. Söylənilənlərə görə, modelin içalatı Huayra BC modeli ilə eyni olacaqdır.

Bu isə, Mercedes-AMG istehsalı olan 755 at qüvvəsi və 1100 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 biturbo mühərrikinin, yeddi pilləli Xtrac “robotunun” və arxa ötürmənin mövcudluğundan xəbər verir. Hər halda, mühərrikin gücü bu göstəricilərdən az olmayacaqdır.

Beş nüsxəlik məhdud sayda tirajla buraxılacaq hiperkar əlbəttə ki, tez bir zamanda satılacaqdır. Bəlkə də, artıq bütün avtomobillər öz sahiblərini tapıblar. Belə avtomobillərin istehsalçının anbarında tozlanmaq şansı ümumiyyətlə yoxdur.