Toyota şirkəti Fransanın paytaxtı Parisdə keçirilən avtosalonda beşinci nəsil RAV4 krossoverinin Avropa bazarı üçün nəzərdə tutulmuş variantını təqdim edib. Üstəlik, istehsalçı avtomobil haqqında yeni məlumatları da dərc edib.

Avropa üçün nəzərdə tutulan Toyota RAV4 modelinin qabarit uzunluğu 4600 millimetr, eni – 1855 millimetr, hündürlüyü isə 1685 millimetr təşkil edir. Modelin təkər bazasının uzunluğu 2690 millimetrdir. Beləliklə, yeni model sələfindən 5 millimetr qısa, 10 millimter enli və o qədər də alçaq olub. Beşinci nəslin təkər bazası isə 30 millimetr genişlənib. Krossoverin kuzovunun burulmaya qarşı sərtliyi 57% artıb.

Yeni Toyota RAV4 modelinin əsasını TNGA modul platforması təşkil edir. Yeni platforma krossoverin klirensini 15 millimetr yüksəltməyə və oturacaqların bərkidilmə nöqtəsini eyni ölçüdə aşağı salmağa imkan verib. İndi sərnişinlər döşəməyə yaxın otursalar da, oturma hündürlüyünün səviyyəsi yol səthinə nisbətən dəyişilməz qalıb.

Görünüşün yaxşılaşdırılması məqsədi ilə alın şüşəsinin dayaqları daha nazik edilib, pəncərəaltı xətti aşağı düşüb, kapotun qabaq ucu isə 15 millimetr aşağı salınıbdır. 

Cihazlar paneli spidometr çəkilmiş dairəvi displeydən ibarətdir. Salonda mərkəzi yeri Entune 3.0 multimedia sisteminin ekranı tutur ki, bu ekran da təchizat səviyyəsindən asılı olaraq yeddi və yaxud səkkiz düymlük dioqonala malikdir. Sükan oxunun tənzimlənməsu diapazonu da 50% artırılıbdır. Opsiyalar arasında panoram tavan, JBL səs sistemi, həmçinin arxadakı kameranın görüntülərini əks etdirən displeyə çevrilən salon güzgüsü vardır.

Salonun arxa hissəsindəki genişlik 40 millimetr artıb. İndi burada ayaqlar zonasında daha iri məkan vardır. Mərkəzi tonnelin arxa küncündə isə havalandırma deflektorları quraşdırılıbdır. Baqaj bölümünün uzunluğu 60 millimetr artıb. Baqaj bölümü əvvəlki modelə nisbətən 79 litr artaraq 626 litr olub.

Şassidə baş verən əsas dəyişiklik reykada quraşdırılan elektrik gücləndiricisi ilə təchiz edilən yeni sükan mexanizmindən ibarətdir. Asqıların konstruksiyası isə prinsipcə dəyişdirilməyib: öndə McPherson dayağı, arxada isə çoxqollu asqı. 

Bu il Avropada RAV4 alan şəxslərin 85% hibrid versiyasına üstünlük veriblər və bu səbəbdən də istehsalçı bu bazarda əsas üstünlüyü hibrid modifikasiyasına vermək qərarına gəlib. Beləliklə, hibrid güc qurğusunun tərkibinə yeni Dynamic Force ailəsindən olan 2,5-litrlik dörd silindrli atmosfer mühərriki, arxa təkərləri hərəkətə gətirən ayrı elektromotor, lektomexaniki variator və nikel-metal-hidrid akkumulyatorları daxildir. 

Sistemin maksimal hasilatı 222 at qüvvəsidir. əvvəllər bu rəqəm 197 at qüvvəsi təşkil edirdi. Ən əsası arxa təkərlərdəki maksimal dartqı qüvvəsi isə 953 Nm-dən 1300 Nm-ə qaədər yüksəlib. Bütün bunlar hibrid krossoverin yolsuzluqda özünü əmin hiss edəcəyindən xəbər verir. Üstəlik, elektronikanın ön differensialın qapanmasını imitasiya edən Trail Mode «yolsuzluq» rejimi də təklif edilir. Hibrid krossover 100 km/saat həddinə 8,1 saniyəyə sürətlənir ki, bu da əvvəlkindən 0,2 saniyə yeyindir.

Bundan başqa, Avropada 2,0-litrlik atmosfer mühərriki ilə təchiz edilən RAV4 də təklif ediləcəkdir. Bu modifikasiya mexaniki qutu və variatorla təchiz edilə bilər. Variatorla təchiz edilmiş variantı Dynamic Torque Vectorinq AWD tam çəkiş sistemi ilə də sifariş etmək mümkündür. Sistem, nəinki fırlanma anının 50 faizini arxa oxa ötürə bilir, o həmçinin onu sağ və sol təkərlər arasında da bölüşdürür ki, bu da idarəetmənin yaxşılaşdırılmasına xidmət edir. Yeri gəlmişkən, Toyota RAV4, həmçinin yapon istehsalçısının “fırlanma anını dinamik şəkildə bölüşdürülməsi” sisteminə malik olan ilk avtomobilidir. 

Yeni Toyota RAV4 modelinin Azərbaycandakı satışlarına gələn ilin yanvarında başlanacaqdır. Yerli bazarda hibrid modifikasiyası da təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt