Paris avtosalonun qapılarının açılmasından dərhal sonra BMW şirkəti yeddinci nəsil 3-Series sedanının təqdimatını keçirib. G20 zavoddaxili indeksinə malik olan sedanı aşağı hissəsində qeyri-adi “buynuzları” olan ön fənərlərdən və dəyişdirilmiş Hofmayster xəttindən tanımaq olar.

Yeni sedan alman istehsalçısının CLAR modul platformasında inşa edilibdir. Lakin, bu platformada inşa edilmiş 5-Series və 7-Series modellərindən fərqli olaraq, sedan ikiqollu ön asqı ilə deyil, McPherson dayaqları ilə təchiz edilir. Arxa beşqollu asqı quruluş cəhətdən əvvəlkinə bənzəsə də, tamamilə yenidən dəyişdirilmişdir. Avtomobilin konstruksiyasında alüminium, maqnezium və yüksək sərtlikli poladın payı artırılıbdır. Yeni 3-Series modelini hazırlayan zaman əsas diqqət avtomobilin hərəkət dinamikasının yaxşılaşdırılması üzərində cəmlənmişdir.

Avtomobilin çəkisi 55 kiloqram azaldılmış, ağırlıq mərkəzi 10 millimetr aşağı salınmış və təkər izi ciddi şəkildə genişləndirilmişdir. Artıq ön və arxa təkər izi müvafiq olaraq 43 və 21 millimetr genişlənibdir. Kuzovun burulmaya qarşı sərtliyi də 15% artırılmışdır. Yeni 3-Series çəkinin oxlar arasında ideal şəkildə (50:50) bölünməsinə malikdir.   

Yeni sedanın təkər bazası 41 millimetr artaraq 2851 millimetr olmuşdur. Ümumilikdə, avtomobil sələfindən az də olsa iri alınıb. Sedanın uzunluğu 85 (4709 millimetr), eni isə 16 millimetr (1827 millimetr) artıb. Yeni model yaxşılaşdırılmış aerodinamika ilə də seçilir – alın müqaviməti əmsalı 0,23-ə bərabərdir.

Sedanın asqı sistemində yeni hidravlik dayandırıcıları olan amortizatorlara sahib olub. Bu amortizatorlardan həm standart, həm də hündürlüyü 10 millimetr azaldılan M-asqısında istifadə edilir.  Sifarişçilər elektronika ilə idarə edilən amortizatorları olan opsional adaptiv M-asqısını seçmək şansına da malikdirlər. Opsiyalar siyahısında öndə dördporşenli supportları olan M Sport əyləc sistemi, həmçinin arxa oxa quraşdırılan differensial da vardır.

İlk zamanlarda yeni sedan beş güc variantına malik olan üç mühərriklə təklif ediləcəkdir. Belə ki, 320i və 330i modifikasiyalarının 2,0-litrlik dörd silindrli mühərriki 184 və 258 at qüvvəsinə malikdirlər. Eyni həcmli dizel mühərriki isə 150 (318d) və 190 (320d) at qüvvəsi təklif edir. Yeganə altısilindrli mühərrik BMW 330d modifikasiyasının kapotunun altında yerləşən 265 qüvvəli 3,0-litrlik dizel aqreqatıdır.  320d modifikasiyasını xDrive tam çəkiş sistemi ilə də sifariş etmək olar. Qalan modifikasiyalar isə monoçəkişli olacaqdırlar. Gələcəkdə sedaan üçsilindrli turbomühərriklə təchiz edilmiş baza variantına və güclü M-versiyalara sahib olacaqdır.

Yeni BMW 3-Series sələfinə nisbətən daha geniş salon təklif edir. Əsas genişlənmə sürücü və ön sərnişinin çiyin və dirsək hissəsində baş veribdir. İnteryer klassik BMW üslubunda dizayn edilibdir. Bu üslubdan yeni X5 modelində də tətbiq olunubdur. Yeni sedanın 10,25-düymlük ekranı olan multimedia sistemi iDrive 7.0 platformasında inşa edilib. Yeni sistem səslə verilən komandalar ilə də idarə olunur.

Sedan dörd təchizat səviyyəsində təklif ediləcəkdir: Advantage, Sport Line, Luxury Line və M Sport. Əlavə ödənişlə salonun Vernasca və ya Merino dəriləri ilə üzlənməsini, cihazlar panelinin isə süni Sensatec dərisi ilə və yaxud əsl BMW Individual dərisi ilə üzlənməsini sifariş etmək olar. Digər opsiyalar üçzonalı klimat-kontrol, panoram tavan və Harman Kardon səs sistemidir. Avtomobilin baqaj həcmi dəyişməyib: yeganə yenilik baqaj qapağının elektrik ötürməsidir.

Yeddinci nəsil 3-Series sürücüyə yardım sistemlərinin geniş çeşidinə malik olub: Stop&Go funksiyalı aktiv kruiz-kontrol, yerdəyişmələr zamanı və arxadan zərbələri təhlükələri xəbərdar edən sistem, dayanacaqdan arxa hərəkətlə çıxmağa yardım funksiyası bu çeşidə daxildir. Bundan başqa, yandan zərbələrdən müdafiə edən zolaqda saxlama funksiyası, 50 metrə qədər məsafədə əvvəl keçilmiş xətt üzrə avtomatik olaraq arxaya hərəkət etməyə imkan verən parklanma yardımçısı da opsiyalar siyahısına daxil edilib.

Yeni BMW 3-Series modeli Münhendə (Almaniya), Şenyanda (Çin) və San-Luis-Potosidəki (Meksika) yeni zavodda buraxılacaqdır. Modelin dünyəvi satışlarına 2019-ci ilin mart ayının 9 tarixində başlanacaqdır. İlkin olaraq 330i, 320d və 320d xDrive modifikasiyaları təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt