Peugeot şirkəti yeni loqotipini təqdim edib. Baxmayaraq ki, əvvəlki kimi loqotipdə aslan yer alsa da, onun dizaynı kökündən dəyişdirilib.

25 fevral 2021-ci ildən etibarən Peugeot markanın yeni emblemindən istifadə edəcəkdir: bu, kükrəyən aslanın başını əks etdirən gerbdir. Şirkətdən yeni loqotipin mədəni müxtəlifliyi və universallığı əks etdirən bir üslubun simvolu olduğunu bildiriblər.

“Avropanın böyük sülalələri üçün hər zaman əsas fərqləndirici nişanələrdən biri heraldik qalxan olmuşdur”, - şirkətin açıqlamasında deyilir. - “O, sahibinin statusundan, güclü ənənələrindən, soyadın zəngin tarixindən xəbər verir”.

1850-ci ildən bəri Peugeot loqosu on dəfə dəyişib, lakin aslan həmişə mərkəzi fiqur olaraq qalıb. Gerbin yeni, on birinci versiyası Peugeot Design Lab beynəlxalq dizayn studiyası tərəfindən hazırlanıb.

Şirkət yalnız yeni loqotiplə məhdudlaşmayıb və Peugeot diler mərkəzlərinin, aksesuar və rabitə materiallarının tərtib ediləcəyi korporativ üslubu da dəyişdirib. Bundan başqa, markanın veb saytı tezliklə “virtual diler mərkəzi” konsepsiyasının bir hissəsinə çevriləcəkdir: onlayn alış-veriş prosesi sadə və intuitiv olacaq, avtomobil ilə tanışlıq, onun konfiqurasiya edilməsi, müqavilə bağlanması və kreditin alınmasına qədər bütün mərhələləri əhatə edəcəkdir.

İlkin məlumatlara görə, yeni loqotipi alan ilk Peugeot avtomobili, 2021 və ya 2022-ci illərdə işıq üzü görəcək yeni nəsil Peugeot 308 modeli olacaqdır.