Volvo şirkətinə məxsus olan Polestar şirkəti özünün ilk modeli olan Polestar 1 kupesinin satışlarına başlayıb. Avtomobilin satışlarına ABŞ, Çin, Norveç, Almaniya və Niderlandda başlanıbdır. Nə qədər görünsə də avtomobilin vətəni olan İsveç bu siyahıya daxil edilməyib.

Polestar şirkətinin ilk modeli öncədən planlaşdırıldığı kimi aylıq ödənişləri nəzərdə tutan abunə sxemi ilə yanaşı, ənənəvi üsulla da satacaq. “Bərkgedən” kupeni almaq arzusunda olanlar 150  min dollar ödəməlidirlər. Polestar 1 kupesi hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid güc qurğusu 600 at qüvvəsinə və 1000 Nm fırlanma anına malikdir.

Onun tərkibinə daxil olan 2,0-litrlik benzin mühərriki ön təkərləri hərəkətə gətirir. İki elektromotor isə, arxa oxun işinə cavabdehdir. Polestar bu elektromühərriklər vasitəsi ilə, döngələrdə fırlanma anını təkərlər arasında effektiv paylayan dartma vektoruna nəzarət sistemini tətbiq edib. Kupe elektrik ötürməsindən istifadə edərək 150 kilometr məsafə qət etmək iqtidarındadır.