Porsche şirkəti əfsanəvi 911 sportkarının 24 modifikasiyasının əks olunduğu videoçarxı dərc edib. Videoçarxda baza modifikasiyasından tutmuş ən hardkor variant olan GT2 RS superkarına kimi olan modellər nümayiş etdirilir. Avtomobillər nəinki adları ilə, həmçinin kuzov növü, tam çəkiş sistemi və idarələnən arxa təkərlər ilə bir-birindən fərqlənirlər.

Xatırladaq ki, baza variantı olan Porsche 911 Carrera 370 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli oppozit mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli mexaniki qutu və yaxud PDK robotu ilə tandemdə çalışır. PDK qutusu ilə təchiz edilmiş sportkar yerindən 100 km/saat həddini 4,2 saniyəyə toplayır və 293 km/saat maksimal sürət həddinə malikdir. Mexaniki qutulu sportkarda bu rəqəmlər müvafiq olaraq 4,6 saniyə və 295 km/saatdır.

Arxaçəkişli Porsche 911 GT2 RS superkarı 700 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli biturbo mühərriklə və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə superkar 2,8 saniyəyə sürətlənir. Superkar yarış asqısına, tam idarələnən şassiyə, karbon-saxsı əyləc mexanizmlərinə, 100 faizlik qapanması olan differensialına, idman rejimi olan yenidən tənzimlənmiş stabilizasiya sisteminə, öndə 20-düymlük, arxada 21-düymlük təkər disklərinə malikdir. Bu disklər müvafiq olaraq 265/35 və 325/30 ölçülü şinlərlə təchiz edilir.