Porsche şirkətinin Azərbaycandakı rəsmi idxalçısı olan Porsche Bakı Mərkəzi oktyabr ayının 12-si tarixində Fairmont otelində Porsche Panamera 4 E-Hybrid liftbekinin və Porsche Cayenne Coupe krossoverinin təqdimatlarını keçirib.

Porsche Panamera 4 E-Hybrid adından göründüyü kimi hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid güc aqreqatının tərkibinə 330 at qüvvəsi və 450 Nm fırlanma anı olan 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki və transmissiyanın önündə yerləşdirilən 136 at qüvvəsi və 400 Nm fırlanma anı olan elektromotor daxildir. Güc aqreqatı 14,1 kilovat/saat tutumu olan litium-ion batareyalardan qidalanır. Hibrid aqreqatının ümumi gücü 462 at qüvvəsi, fırlanma anı isə 700 Nm təşkil edir.

Hibrid modelin elektomotoru akselerator pedalına basılan zaman işə düşür. Xatırladaq ki, əvvəlki modeldə elektromotor akselerator pedalının 80 faizi qədəri basıldıqda  işə düşürdü.  Yeni hibrid Panamera 100 km/saat həddini 4,6 saniyəyə toplayır ki, bu da əvvəlkindən 0,9 saniyə yeyindir. Hibridin maksimal sürəti 278 km/saat təşkil edir. Elektromotorla hərəkət zamanı avtomobilin maksimal sürəti 140 km/saat təşkil edir. Yalnız elektrik mühərrikindən istifadə etməklə avtomobil 50 kilometr məsafə qət etmək iqtidarındadır. İstehsalçı hibridin qarışıq rejimdə 100 kilometrə 2,5-litr yanacaq sərf etdiyini iddia edir.

Multimedia sisteminin 12,3-düymlük sensorlu ekranına yürüş ehtiyatı, elektrik enerjisinin sərfi və rekuperasiya sistemi vasitəsi ilə onun bərpa səviyyəsi də daxil olmaqla hibrid sistem haqqında məlumat əks etdirilir.

Təqdimat mərasiminə toplaşalanların ən böyük marağına səbəb olan model isə Porsche Cayenne Coupe kupe-krossoveri olub. Yerli nümayəndə kupe-krossoveri iki modifikasiyada - Cayenne Coupe və Cayenne S Coupe variantlarında nümayiş eydirib. 

Adi Porsche Cayenne modeli ilə müqayisədə yeni kupe-krossun ön və arxa dayaqları daha mailidirlər, damı isə, 20 millimetr aşağı salınıbdır. Üstəlik, kupeşəkilli krossover adi Cayenne modelindən 13 millimetr uzundur. Beləliklə, Porsche Cayenne Coupe modelinin qabarit uzunluğu 4931 millimetr, eni 1983 millimetr, hündürlüyü isə, 1676 millimetrdir. Avtomobillərin eni isə bərabərdir. Bundan başqa, nömrə yeri baqaj qapısından bamperə keçirilib, standart təkər diskləri isə, 20-düymlükdürlər. Xatırladaq ki, adi Cayenne krossoverində standart olaraq 19-düymlük təkər diskləri təklif edilir.

Cayenne Coupe modelinin əsas cəhəti aktiv arxa spoylerdir: 90 km/saat sürətlərində beşinci qapıdakı panel 135 millimetr qalxaraq yerəbasma gücünü artırır. Daha bir maraqlı cəhət 2,16 kvadrat metrlik sahəsi olan standart şüşə damdır. Kupe versiyasında adı metal dam olmayacaqdır - lakin, opsional olaraq karbondan damı sifariş etmək olar. Bundan başqa, əlavə ödənişlə yüngül çəkisi olan 22-düymlük təkər disklərini, idman buraxılış sistemini və xüsusi dekoru da əldə etmək mümkündür. 

Coupe varsiyasının salonu əsasən oturacaqları ilə fərqlənir - standart olaraq, krossover başlıqları inteqrasiya edilmiş oturacaqlara malikdir. Arxa oturacaq cərgəsi isə, standart krossoverdə olduğundan 30 millimetr aşağıda yerləşir - bu sərnişinlərin başı üzərindəki məkanı artırmaq məqsədi ilə edilib. Üstəlik, standart olaraq arxa cərgə ikiyerlidir - üçyerli divanı ödənişsiz sifariş etmək olar.

Kupeşəkilli Cayenne modelinin baqaj bölməsi 625 litrdir, Turbo modifikasiyasında isə, bu rəqəm 600 litr təşkil edir. Arxa cərgənin qatlanması halında baqajın həcmi 1540 litrə (Turbo versiyasında 1510 litr) qədər artır. Adi Cayenne modelində bu rəqəmlər 770 və 1710 litr təşkil edir.

Texniki cəhətdən Porsche Cayenne Coupe adi krossoveri təkrarlayır - Porsche markasının ənənələrinə uyğun olaraq, çəkinin paylanmasının dəyişməsi ilə əlaqədar olaraq, bir sıra incə tənzimləmələr aparılıbdır. 

Adi Porsche Cayenne Coupe modeli 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbomühərriki ilə təchiz edilir. Porsche Cayenne S Coupe modelinin kapotunun altında iki turbokompressorlu 2,9-litrlik V6 mühərriki yerləşib. Güc qurğusunun hasilatı 440 at qüvvəsi və 550 Nm fırlanma anıdır. Porsche Cayenne Turbo Coupe isə, 550 at qüvvəsi və 770 Nm fırlanma anına malik olan 4,0-litrlik V8 biturbomühərrikinə sahibdir. Hər üç versiya səkkiz pilləli avtomatik qutu və çoxdiskli mufta vasitəsi ilə ön oxu qoşan tam çəkiş sistemi ilə təchiz edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Cayenne Coupe standart olaraq PASM adaptiv amortizatorları və Sport Chrono dəsti ilə təchiz olunur. Adi kupeşəkilli krossover 100 km/saat həddinə 6,0, Cayenne S Coupe - 4,9, Cayenne Turbo Coupe isə 3,9 saniyəyə sürətlənir. Avtomobillərin maksimal sürəti 243, 263 və 286 km/saatdır. 

Gecənin sonunda İstanbulda keçiriləcək test-drayvında iştirak edəcək qalib müəyyən olunub.