Porsche şirkəti rəsmi olaraq dizel mühərriki olan modellərin istehsalından imtina edib. Bunun əvəzinə alman istehsalçısı hibrid və elektrik texnologiyalarının təkmilləşdirilməsi ilə məşğul olacaqdır. 2020-ci ilə bu sahəyə qoyulan sərmayə altı milyarddan çox olacaqdır.

Porsche model xəttindəki dizel mühərrikli modellər bu ilin fevral ayından başlayaraq alıcılara təklif edilmirlər.

Tələbatın strukturunun dəyişməsi səbəbindən alman markasının rəhbərliyi gələcəkdə belə modelləri alıcılara təklif etməmək qərarına gəlib.

“Porsche dizeli pisləmir. Dizel əvvəlki kimi vacib texnologiya olaraq qalacaqdır, - Porsche şirkətinin rəhbəri Oliver Blum bildirib. - Lakin, bir idman avtomobilləri istehsalçısı kimi, dizel mühərriki bizim üçün hər zaman ikinci yerdə olub. Biz gələcəkdə onsuz keçinmək qərarına gəldik. Bununla belə, dizel mühərrikli avtomobillər almış şəxslərə yüksək peşəkarlıqla xidmət göstəriləcəkdir”.   

Oliver Blum

Bild am Sonntag qəzetinə müsahibəsində Blum dizel qalmaqalının da bu qərara təsir etdiyini etiraf edib.

“Biz heç zaman sərbəst şəkildə dizel mühərriklərini yaradıb istehsal etməmişik. Buna baxmayaraq, Porsche markasının imicinə xətər yetirilib və bu böhran çoxsaylı problemlərə səbəb olub”, - Oliver Blum vurğulayıb.

Hazırda şirkətin özünün də bu sahədə problemləri yaranıb. Almaniyanın Federal nəqliyyat idarəsi (KBA) Porsche şirkətini Cayenne modelinin səkkiz silindrli dizel mühərrikləri ilə manipulyasiya etməkdə şübhəli bilir. Guya, səsboğucu sisteminin güclü səslənməsi üçün istehsalçı azot oksidinin səviyyəsini normalardan artıq edib.  Lakin, stend sınaqları zamanı bu funksiya aşkar olunmayır.  Blum “bu məsələyə nəzarət etdiyini” söyləyib.