Sən demə, analoq idarəetmə sistemlərinin kütləvi şəkildə sensorlu ekranlar ilə əvəzlənməsi də geri çağırma kampaniyalarına səbəb ola bilər. Belə ki, sensorlu displeyin nasazlığı avtomobildə daha ciddi problemlər yarada bilər. Bu günlərdə bənzər problemlə Porsche Taycan elektrokarının sahibləri üzləşiblər. Onların elektrokarlarının salonundakı sensorlu ekranlar ya sıradan çıxıb, ya da fasilələrlə işləməyə başlayıblar. Özü də belə probpem bir-iki avtomobildə deyil, on minlərlə Porsche Taycan elektromobillərində özünü biruzə verib.

ABŞ-ın Yol Hərəkətinin Təhlükəsizliyi Milli İdarəsi (NHTSA) bu ölkədə eyni vaxtda 12 490 Porsche Taycan elektromobilini geri çağırdığını açıqlayıb. Geri çağırma elektrokarın 21 oktyabr 2019-cu il və 25 aprel 2022-ci il tarixləri arasında buraxılmış bütün modifikasiyalarını əhatə edir.

Bu elektromobillərdə mühərriki işə saldıqdan sonra, multimedia sisteminin ekranı və mərkəzi konsoldakı idarəetmə displeyi işə düşməyə bilər, bu isə, nə arxa görüntü kamerası, nə də dairəvi müşahidə sistemi işləmədiyi deməkdir. Hətta, ekranların işə düşməsi də digər problemlə müşayət olunur - görüntü titrəməyə başlayır.

Porsche şirkəti problemin mövcud olduğunu etiraf edib və servis kampaniyasını keçirəcəyini təsdiqləyib. Bu kampaniya çərçivəsində Taycan elektromobillrinin proqram təminatının pulsuz yenilənəcəkdir. Problemi aradan qaldırmaqla yanaşı, avtomobildən istifadənin rahatlığını artıran bəzi əlavə funksiyaların da peyda olacağı vəd edilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.