Porsche şirkəti Top 5 seriyasından olan növbəti videoçarxı yayaraq, ən sürətli Porsche modelləri barədə danışıb. Siyahıya ən yüksək maksimal sürəti olan avtomobillər daxil edilib.
Beşinci yeri Porsche 911 Turbo S modeli tutub. 607 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 3,8-litrlik biturbomühərrik ilə təchiz edilən sportkar 330 km/saata kimi sürətlənir. Dördüncü yerdə 334 mk/saatlıq maksimal sürətə malik olan Carrera GT modeli qərarlaşıb. Üçüncü yer məşhur 959 S modelinə qismət olub. Auto, Motor und Sport dərgisinin jurnalistlər avtomobili Nardo trekində 339 km/saata kimi sürətləndiriblər.
İkinci pilləyə 700 at qüvvəli Porsche 911 GT2 RS modeli qalxıb – yerindən 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənən sportkar 340 km/saatlıq maksimal sürət həddinə malikdir. Nəhayət, bu siyahıya 345 km/saat göstərici ilə Porsche 918 Spyder superkarı başçılıq edir.