Bu günlərdə yeni avtomobillərin «ovuna» çıxan casuslar Porsche Cayenne GTS Coupe modelinin sınaq prototipi ilə rastlaşıblar. Cayenne modelinin əvvəlki nəslində olduğu kimi, Cayenne GTS Coupe modeli 440 at qüvvəli Cayenne S Coupe və 550 at qüvvəli Cayenne Turbo Coupe modellərinin arasında yer alacaqdır. Yeni Porsche Cayenne GTS Coupe modelinin ilin sonuna qədər debüt edəcəyi gözlənilir.

Qarşımızdakı modelin Cayenne GTS Coupe olmasına dəlalət edən bir neçə dizayner həlli mövcuddur. Bundrdan biri daha iri hava girişlərinə və yenilənmiş splitterə malik olan aqressiv dizaynı ön bamperdir. Arxa tərəfdə də, yenilənmiş diffuzoru və buraxılış sisteminin iri ölçülü çıxış borularını görmək olar.

Ənənəyə uyğun olaraq, Cayenne GTS Coupe modeli 10 millimetr azaldılmış klirensə və idman xarakteristikalı adaptiv PASM amortizatorlarına sahib olacaqdır. Cayenne GTS Coupe modeli tərkibinə qara əlavələri olan başqa bamperlər, qara 20-düymlük təkər diskləri daxil olan Sport Design dəsti, idman oturacaqları, yeni idman sükan çarxı, salonun alkantara və alüminium ilə tərtibatı ilə də təchiz ediləcəkdir.

Bundan başqa, krossoveri opsional olaraq aktiv stabilizatorlar və dartma vektoruna nəzarət funksiyasına malik olan differensial ilə təchiz etmək mümkün olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Porsche Cayenne Coupe GTS modeli Panamera GTS liftbekindən tanış olan 460 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkizsilindrli biturbomühərrik ilə hərəkətə gələcəkdir. Güc aqreqatı səkkiz pilləli PDK “robotu” və tam çəkiş sistemi ilə tandemdə çalışacaqdır. Bundan başqa, Cayenne Coupe GTS standart olaraq idman buraxılış sistemi və Sport Chrono dəsti ilə təchiz edilə bilər.