Yaponiyanın prokurorluğu Karlos Qona qarşı gəlirlərin gizlədilməsi barədə rəsmi ittiham irəli sürüb. Qon, 2010-2015-ci illər arasında Nissan şirkətinin ona verdiyi beş milyard yen (44,5 milyon dollar) bonus barədə məlumatı gizlətməkdə ittiham olunur. Qonla birlikdə, Nissan şirkətinin idarə heyətinin üzvü Qreq Kelliyə də qarşı da ittiham irəli sürülüb. O, bu cinayətə köməklik etməkdə günahlandırılır. Eyni zamanda, Nissan şirkəti də öz başçısının gəlirləri haqqında yalan məlumat verməkdə ittiham olunur.

Karlos Qon və Qreq Kelli 19 noyabrda həbs edilərək, bu günə qədər Tokionun istintaq təcridxanasında saxlanılırlar. Yerli qanunvericiliyə əsasən, həbsin maksimal müddəti 22 gün təşkil edə bilər. Bu səbəbdən də prokurorluq bu gün ya ittiham irəli sürməli, və yaxud saxlanılanları sərbəst buraxlmalı idi. İttiham irəli sürülsə belə, Qon və Kelli girov qarşılığında azadlığa çıxa bilərlər. Lakin, Yapon Femidası başqa variant nəzərdə tutub: Qon və Kelli bənzər cinayətdə şübhəli bilinərək yenidən həbs ediliblər. Bu dəfə onlar 2015-ci ildən 2018-ci ilə qədər əldə edilmiş gəlirləri gizlətməklərdə şübhəli bilinirlər. Bu isə, hər iki şəxsin 30 dekabr tarixinə kimi həbsdə qalacağını göstərir.

Ən maraqlısı odur ki, Qon yuxarıda sadalanan gəlirləri faktiki olaraq almayıb. Bu ödənişlər ona gələn il Nissan şirkətindən işdən çıxdıqdan sonra köçürülməli idi. Bu, müdafiənin istifadə etmək istədiyi əsas faktlardan biridir – ödəniş olmadığına görə, gəlir də olmayıb, müvafiq olaraq, bu məbləğ vergi tutma predmeti ola bilməz. Müdafiənin daha bir variantı Qonun Kelli tərəfindən düşünülmüş sxemdən xəbəri olmadığı və onun tərəfindən aldandığıdır.

 Karlos Qon isə hələlik susmağa davam edir. Qreq Kelli isə, vəkilləri vasitəsi ilə, hərəkətlərinin tam qanunauyğun olduğunu bəyan edib. Nissan şirkəti isə ictimayyətdən üzr istəyərək, hökumətə verdiyi hesabatlarını qaydaya salacağına söz verib.