Enzo Ferrarinin oğlu Pyero Motorsport.com nəşrinə verdiyi ekslklyuziv müsahibədə, italyan markasının ilk krossoveri olacaq Purosangue modeli barədə bir sıra detalları açıqlayıb. Şirkətin səhm paketinin 10 faizinin sahibi və idarə heyətinin sərd müavini avtomobilin dörd qapıya malik olacağını, lakin digər krossoverlərə bənzəməyəcəyini də bildirib.

Yeni modelin adı və bazarda satışa çıxarılma tarixi barədə Ferrari şirkətinin rəhbəri Luis Kerey Kamilyeri şirkətin beş illik inkişaf planını açıqlayan zaman məlumat vermişdir. Ferrari Purosangue (italyancadan tərcümədə “safqanlı” deməkdir) yeni Front and Mid-Engine Architecture platformasında inşa ediləcək və 2022-ci ildə işıq üzü görəcəkdir.

Krossover ənənəvi V12 və V8 biturbo mühərrikələrinin əvəzinə yeni V6 mühərrikinin bazasında yaradılmış hybrid güc qurğusu ilə təchiz ediləcəkdir.

Kamilyeri 2022-ci ilə qədər buraxılacaq avtomobillərin əksər hissəsinin bu aqreqatla təklif olunacağını da qeyd edib. Oxlar arasında çəkinin ideal şəkildə bölünməsini təmin etmək üçün daxili yanacaq mühərriki öndə, ötürmələr qutusu və hybrid sistem isə arxada yerləşdiriləcəkdir.

Ferrari Purosangue tam çəkiş sisteminə, klirensi tənzimləmək imkanı yaradan innovasion asqıya, arxa sərnişinlər üçün məlumat-əyləncə sisteminə və avtomobilin əsas funksiyalarını idarəetmə sisteminin yenilənmiş variantına sahib olacaqdır.