Jetta təkcə Volkswagen şirkətinin istehsal etdiyi sedan deyil, eyni zamanda Çində istehsal edilən avtomobillərin daşıdığı brenddir. Jetta markası hazırda VS5 krossoverini və VA3 sedanını çinlilərə təklif edir. Quançjouda keçirilən avtosalonda Jetta markası üçüncü modelini – VS7 krossoverini təqdim edib.

Texniki cəhətdən Jetta VS7 Skoda Karoq modeli ilə bənzərdir. Hər iki model ümumi platformaya, bənzər şassiyə və mühərrik çeşidinə malikdir. Lakin, VS7 100 mm uzadılmış təkər bazası və artırılmış arxa çıxışı ilə seçilir. Bu səbədən də, Jetta VS7 modelinin qabarit uzunluğu 4624 mm təşkil edir. Bu göstərici Avropada satılan Tiguan modelində olduğundan 62 mm azdır.

Image alt Image alt Image alt Image alt Image alt

Jetta VS7 modeli alternativsiz olaraq 150 at qüvvəli 1,4-litrlik TSI mühərriki, həmçinin 6-pilləli mexaniki və ya avtomatik transmissiya ilə təklif edilir. Ötürmə - yalnız ön oxadır. Lakin, Karoq modelindən fərqli olaraq VS7 arxada torsion tirinin əvəzinə çoxqollu asqı ilə təchiz edilir.

Böyümüş qabaritlərinə baxmayaraq Jetta VS7 üç cərgəli salonla təklif edilmir. Krossover beşyerlidir və arxa sərnişinlərin ayaq zonasında geniş məkan təklif edir. Büdcə brendi sayılmasına baxmayaraq Jetta VS7 modelinin təchizatına panoram tavan, tam LED optika, dairəvi görüntü monitorları, adaptiv kruiz-kontrol, ön oturacaqların elektriklə tənzimlənməsi və mediasistemin iri displeyi daxildir.

Yeni modelə sifarişlərin qəbuluna start verilib. İlk avtomobillər diler salonlarında 2020-ci ilin yanvarında peyda olacaqdırlar.