Ənənəyə görə, yanvar ayının son günündə Renault-Nissan-Mitsubishi alyansı keçən ilki satış rəqəmlərini açıqlayır. 2018-ci ildə alyansın satdığı avtomobillərin ümumi sayı 1,4% artaraq 10,757 milyona çatıb. 2017-ci ildə alyans 10,608 milyon ədəd avtomobil satmışdı.

Alyansın başlıca rəqibləri olan Volkswagen və Toyota da yaxın nəticələri əldə ediblər. Alman istehsalçısı 10,83 milyonluq rekord göstəricisinə nail olub, onun yapon rəqibi isə, 10,59 milyon avtomobil satıb.  Lakin, Volkswagen konserninin satış rəqəmlərində Scania, MAN və Volkswagen şirkətinin latınamerikası filialının göstəriciləri, Toyota şirkətinin rəqəmlərində isə, Hino markasının göstəriciləri vardır. Əgər minik və yüngül kommersiya avtomobillərini nəzərə alsaq, Renault-Nissan-Mitsubishi alyansı Volkswagen konsernini 160 min, Toyota konsernini isə 370 min avtomobil üstələyir.

Alyansın daxilində əvvəlki kimi Nissan (Datsun və Infiniti ilə birlikdə) liderlik edir – 5,654 milyon. Bununla belə, yapon istehsalçısının satış rəqəmləri 2,8% azalıbdır. Renault (Dacia, Samsung, Alpine və Lada ilə birlikdə) isə, 3,884 milyon avtomobil sataraq, satış rəqəmlərinin 3,2% artımına nail olub. Ən dinamik artıma Mitsubishi markası nail olub – 18,3% (1,219 milyon).