Renault şirkətinin MDB nümayəndəliyi hər zaman mətbuat nümayəndələri üçün təşkil etdiyi maraqlı tədbirləri ilə seçilir. Xatırlayırsinizsa, sonuncu dəfə Fransa şirkəti bizi Kareliyada keçirilmiş kurslara dəvət etmişdi: o zaman biz donmuş Ladoga gölü üzərində qış ekstremal sürücülük məktəbində təcrübə keçdik.

Növbəti testə dəvət aldıqda məni daha bir ekstremal tədbirin gözlənildiyini anladım. Qazaxstanda təşkil edilən testlərə dərgimizin baş redaktoru Natiq Zərbəliyev və bəndəniz Ruslan Musayev yollanmalı idik.

Dəvətnamə məktubunda marşrutun son nöqtəsi kimi Çarın kanyonu göstərilirdi. Əlbəttə, kanyon deyən kimi, uşaqlıqda seyr etdiyim "Makkenanın qızılları" filmini xatırladım. Həmin filmdə hadisələr Amerikanın "Böyük kanyon" adlandırılan məkanında cərəyan edirdi. Hətta, xatirələrimi yeniləmək məqsədi ilə filmi bir daha izləmək qərarına gəldim - kiçik də olsa da, yenə də təbiətin milyonlarla illər sərf edərək yaratdığı möhtəşəm əsəri görəcəkdik.

Marşrutumuzun başlanğıc nöqtəsi Qazaxstanın keçmiş paytaxtı Almatı şəhərində idi. Yaşadığımız "Maqan" mehmanxanasından əvvəl İle-Alatu eko-parkına yollanacaq, oradan da Çarın kanyonuna keçəcəkdik. Kanyonda gecələyərək səhər geriya Almatı hava limanına qayıtmalıydıq. Səhər tezdən mehmanxananın konfrans zalında keçirilən brifinqdə marşrut və riayət etməmiz vacib olan təhlükəsizlik tədbirləri barədə məlumat verildi. 

Almatı şəhəri ilə hərəkət edərkən maraqlı vəziyyətlə üzləşdik. Sən demə, bu şəhərdə ictimai nəqliyyat sahəsində böyük problemlər mövcuddur - insanlar şəhərətrafı məntəqələrə getmək üçün avtostop metodundan istifadə etməyə məcburdular. Üstəlik, şəhər daxilində də avtobusların azlığı diqqət çəkirdi. Bakıdakı ictimai nəqliyyatın ifrat dərəcədə bolluğundan sonra, olduqca qəribə mənzərə idi.

Yerli sürücülər də problemi anlayaraq yolda qalmış insanlara yardım əlini uzadırdılar. Hətta biz də, yardımsevərlik nümayiş etdirərək, eyni istiqamətdə gedən bir xanımı özümüzlə götürdük.

İle-Alatu parkı bizi heyranedici təbiəti ilə qarşıladı: ətraf meşələrlə örtülmüş uca dağlar, şiriltı ilə axan yeyin dağ çayları idi.

Asfalt örtüyünün bitməsi ilə başlayan torpaq yollar tədbirin təşkilatçılarının marşrutun çətinliyi barədə söylədiklərinin səmimi olduğunu göstərirdi. İlk test avtomobilimiz olan Renault Kaptur modelinin təkərləri altındakı daşlı-kəsəkli yollar, yürüşün həqiqətən ekstremal olacağından xəbər verirdi. 

Əlbəttə, Duster modelini seçənlər bir qədər üstünlüyə malik idilər - bu model krossover sayılsa da, qatı yolsuzluq üçün daha əlverişlidir. Üstəlik, Renault Duster testdəki Kaptur və Koleos modellərindən fərqli olaraq mexaniki qutu ilə təchiz edilmişdi.

Qrupumuzda marşrutdan ən çox həzz alanlardan biri də Natiq müəllim idi - onun qatı yolsuzluq avtomobillərinin tərəfdarı olduğu çoxdan sirr deyil. Natiq müəllim o qədər yolu, əğstəfürullah, yolsuzluğu qət etməyə alüdə olmuşdu ki, sükanı mənə belə təhvil vermək istəmirdi. Enişli-yoxuşlu dağ yollarından sonra, Qazaxstana məxsus olan daha bir mənzərə gözümüzün önündə açıldı - ucu-bucağı görünməyən çöllər. İstər-istəməz bir anlıq qədim tarixə baş vurursan və xəyalında  Çingiz xanın və əmir Teymurun amansız döyüşçüləri canlanır.

Arada-sırada yolumuza qoyun-quzu sürüsü, at ilxıları və alaçıqlar da  çıxırdı. Qeyd etmək lazımdır ki, bu yerlərdə mobil rabitə yoxdur və əlaqəni ancaq peyk telefonu ilə saxlamaq mümkündür. Düzənliklərdə olan az sayda yaşayış məntəqələrinin birində dayanaraq nahar fasiləsi etdik. Qarşıda bizi çay keçidlərini qət etmək tapşırığı, sonra isə, birincidən də mürəkkəb olan ikinci dağ keçidi gözləyirdi.

İkinci dağ keçidinə daxil olduqdan sonra təşkilatçıların cürətinə heyran qaldıq. Əslində bu yolda rastımıza gələn tək-tük avtomobillər qatı yolsuzluq üçün nəzərdə tutulan Toyota Land Cruiser və Nissan Patrol avtomobilləri idi. Belə ağır marşrutda şəhər krossoverlərinə rast gələn yerlilərin heyrət dolu baxışlarını görmək təşkilatçıların böyük risqə getdiyindən xəbər verirdi.

Duster və Kaptur modelləri bir qırağa qalsın, sırf şəhər üçün hazırlanmış Koleos modeli ilə belə yerlərə getmək həqiqətən də böyük ürək tələb edirdi. Testlərdə iştirak edən jurnalistlərin əksər hissəsinin böyük təcrubəyə malik olması marşrutu problemsiz qət etməyə imkan veridi. Ən təcrubəsizlər isə, sərnişin rolu ilə kifayətlənməliydilər.

Qeyd etmək lazımdır ki, marşrutun bu hissəsində biz Koleos modelini dəyişərək Duster modelinə keçmişdik. Həqiqətən də, bu avtomobil dağ keçisi kimi istənilən qayalığı aşaraq keçməyə imkan verirdi. 

Etiraf etməliyəm ki, bu yürüşdə bizi ən çox təəccübləndirən Kaptur və Duster deyil, məhz Koleos oldu. Şassisi və hərəkət hissəsi maksimal olaraq yüngül yolsuzluğa hesablanmış iri krossover, belə desək, üz ağartdı. 

Mürəkkəb enişdən sonra, bizi Akropolis rallisinin daşlı-çınqıllı yollarını xatırladan hissə gözləyirdi. Yavaş sürətlə qət edilmiş uzun məsafədən sonra, imkan daxilində sürətlə hərəkət edirdik. Sanmayın ki, hər şey asan idi - əksinə, yollara irili-xırdalı iti daşlar səpələnmişdi və sürücüdən çox diqqətli olmaq tələb olunurdu.

Sürücü yerini sərnişin oturacağına dəyişmiş Natiq müəllimin həyəcan keçirdiyi çöhrəsindən bəlli idi - heç kim təkəri partladıb maşın karvanını yavaşlatmaq istəmirdi.

Doqquz saat sürən yürüşdən sonra, Çarın kanyonuna gəlib çatdıq. Kanyonun girəcəyi mürəkkəb enişdən başlayaraq qayaların içində təbiətin yaratdığı “tunellərlə" yadda qaldı. Kanyona axırıncı aşırımı görəndə, mən zarafatla dedim ki, bu dərəyə enmək olar, amma geriyə yalnız helikopterlə qayıtmaq mümkündür... Əlbəttə, "Böyük kanyon" kimi nəhəng olmasa da, Çarın kanyonu da öz möhtəşəmliyi və gözəlliyi ilə insanı valeh edir. Ulduzlu səma altında gecələdikdən sonra, bizi qısa torpaq hisssədən  sonra asfalt döşənmiş yollar gözləyirdi. Artıq bu həyəcana və adrenalinə son demək idi. 

Nəticədə nə söyləmək olar?

Renault marketoloqları qarşılarına qoyduqları məqsədə tamamilə nail olmuşdular. Tədbir iştirakçıları yekdilliklə marşrutdan və Renault avtomobillərinin yolsuzluq bacarıqlarından məmnunluqlarını bildirirdilər.

Həqiqətən də, gərgin və ekstremal şəraitdə keçən sınaqlarda bu avtomobilləri yaradan mühəndislərin çörəklərini hədər yerə yemədikləri açıq-aşkar sübut olundu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt