Beş il yarımlıq fasilədən sonra Ferrari komandasının fin pilotu yenidən podiumun ən yüksək pilləsində qalxıb. ABŞ Qran Pisində yeganə pit-stop taktikasını seçən Kimi Rəykkonen Maks Ferstappen və Lyuis Həmiltonu qabaqlayaraq finiş xəttini birinci keçib.

Daha yumşaq təkərlə yarışa başlayan fin pilot ilk döngədə Lyuis Həmiltonu geridə qoymağı bacarıb. Doqquzuncu dövrədə Daniel Rikkardonun bolidini kənara çəkməsinə qədər Həmiltonla ara məsafəsini artıran Rəykkonen üstünlük yaratmağa müvəffəq olub. Trekdə virtual təhlükəsizlik rejimi elan olunmasında istifadə edən Mercedes komandası Lyuis Həmiltonu pitə çağırıb. 

Pitdən çıxan Həmilton üçüncülüyə geriləsə də, sonradan Rəykkonenə çatmağı bacarıb və onu keçməyə cəhd edib. Rəykkonen isə Lyuisi arxasında saxlayaraq gələcək qələbəsinin bünövrəsini qoyub. Fin pilotun 22-ci dövrədə pitə yollanması ilə britaniyalı liderliyə yüksəlib. Ferrari strateqləri Mercedes pilotunun iki pit-stop taktikasında olduğunu anlayaraq Kimini maksimal dərəcədə trekdə saxlayıblar. Həmilton ikinci pit-stopundan sonra nəinki liderliyi itirib və hatta dördüncü yerə qədər geriləyib.  

Əlbəttə ki, britaniyalı komanda yoldaşı Valtteri Bottas geridə qoyaraq yeni təkər sayəsində Ferstappenə çatmağa müvəffəq olsa da, gənc hollandiyalının müdafiəsini yara bilməyib və üçüncülüklə barışmalı olub. 18-ci yerdən yarışı başlayan Maks əla çıxış edərək ikinciliyə qədər yüksəlməyə müvəffəq olub.

Bu yarış Sebastyan Fettel üçün uğursuz başlayıb - ilk dövrədə Rikkardoya hücum edən alman pilot əyləcləmə nöqtəsində səhvə yol verib və nəticədə növbəti döngədə avstraliyalı ilə toqquşub. Peletonun sonuna düşən alman pilot yarış boyu hücum edərək əsas rəqibinin ardınca dördüncü olmağı bacarıb. Beşinci yerə yüksələn Fettel yarışın sonlarına yaxın Bottasın müqavimətini qıraraq dördüncülüyü fin pilotun əlindən alıb. 

Renault pilotları qalan pilotlar arasında ən uğurlu çıxış edənlər olublar. Hülkenberq yarış boyu Saynsdan öndə olub və sonuncunun 5 saniyəlik cəza alması onun işini daha da yüngülləşdirib. Ostində keçirilən yarışdan xalla ayrılanlar Esteban Okon*, Kevin Maqnussen* və Serxio Peres olublar.

ABŞ-da keçirilən mərhələdən sonra Sebastyan Fettel liderdən 70 xal geridə olsa da, onun riyazi olaraq çempion olmaq şansı vardır. Həmiltonun üçüncülüyü ona vaxtından əvvəl çempionluğunu elan etməyə imkan verməyib. İrəli də hələ 75 xal qazanmaq imkanı vardır. Fettelin çempion olması üçün Həmiltonun hər üç yarışda xal qazanmaması gərəkdir.

*)yarışdan sonra yanacaq sərfiyyatının normadan çox olmasına görə diskvalifikasiya ediliblər.

Image alt Image alt Image alt Image alt