Artıq Xorvatiyanın Rimac şirkətinin mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda yeni elektrik hiperkarını nümayiş etdirəcəyi barədə məlumat vermişdik.

İstehsalçı hətta yeni hiperkarın ilk videotizerini də dərc eymiş, lakin avtomobil barədə heç bir məlumat verməmişdir. Buna baxmayaraq, "Autocar" nəşrinin jurnalistləri şirkət daxilində olan mənbələrindən müəyyən məlumatı almağa müvəffəq olublar. Belə ki, mənbənin bildirdiyinə görə, xorvatiyalılar yeni hiperkarı 120 kilovat-saatlıq batareyalarla təchiz edəcəkdirlər. Üstəlik, yeni batareyalar sayəsində zavoddaxili Concept Two adlandırılan hiperkarın yürüş məsafəsinin 340 kilometrdən çox olacağı da bildirilib.

Eyni zamanda, yeni hiperkarın dördüncü səviyyə avtonom idarəetmə sisteminə malik olacağı da söylənilir.  Bundan başqa, yeni hiperkarın elektrik mühərriklərinin ümumi gücü 1200 at qüvvəsinin üstündə olacağı da məlum olub. Başqa bir mənbə, Tesla şirkətinin Roadster modelini təqdim etməsindən sonra Rimac şirkətinin hədəfini dəyişdiyini bildirib. Məlum olduğu kimi, Tesla Roadster 200 kilovat-saatlıq batareya ilə təchiz edilib və 100 km/saat sürətini 1,9 saniyəyə toplayır.

Hazırda istehsalçının model xəttində yalnız Concept One adlı model mövcuddur. Hiperkar hərəkətə 1224 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən dörd elektromotorla gəlir. Dartma vektoruna nəzarət edən sistem fırlanma anının hər bir təkər arasında bölünməsinin optimal həddini hesablayır və  onu saniyədə 100 dəfə dəyişə bilir.

Bundan başqa, sistem stabilizasiya sistemi, elektron ABS və trekşn-kontrol kimi fəaliyyət göstərir. 1850 kiloqram çəkiyə malik olan hiperkar 100 km/saat həddinə 2,5 saniyəyə, 200 km/saata - 6,2 saniyəyə, 300 km/saata kimi isə 14,2 saniyəyə sürətlənir.

Onun maksimal sürəti 355 km/saatdır.