Rolls-Royce şirkəti Cullinan krossoverinin «üsyançı» Black Badge seriyasından olan modifikasiyasını təqdim edib. «Qara emblemli» digər modellər kimi Cullinan da daha güclü mühərrikə, yenidən tənzimlənmiş şassiyə və transmissiyaya sahib olub.

Rolls-Royce şirkətindən Black Badge seriyasının brendin qaranlıq alter eqosunu tərənnüm etdiyini bildiriblər. Bu seriya yenilikçi və qabaqcıllara, həmçinin qaydaların əksinə yaşayanlara ünvanlanıb. Bu özünü kuzovun dərin qara rəngində büruzə verir. Bununla belə, sifarişçi 44 min çalardan seçim etmək imkanına malikdir. Kuzovun boyası bir neçə qat vurulur və əl ilə cilalamanın 10 mərhələsindən keçir.

Gecə mövzusu qara parlaq rəngə boyanmış «Vəcdin ruhu» heykəlciyində də öz əksini tapıb. Radiator barmaqlığı, baqaj qapağının dəstəyi, aşağı hava girişləri və səsboğucu sistemin çıxış boruları «qara xrom» rənginə boyanır. Bu elementlərin fonunda gümüşü RR monoqramı və radiator barmaqlığının parlaq şaquli milləri xüsusi ilə seçilir. Rolls-Royce Cullinan Black Badge üçün 22-düymlük eksklyuziv təkər diskləri və qırmızı rəngli əyləc supportları təklif edilir.

Rolls-Royce Cullinan Black Badge modelinin interyerindəki yenilik dekorativ panellərin arxitekturadakı müasir trendlərdən ilham alınaraq yaradılmış geometrik naxışı və üçölçülü effekti olan karbonla tərtib edilməsidir. Hər bir elementi altı lak qatı ilə örtüb 72 saat ərzində qurumasını gözləyirlər, sonra isə əllə güzgü parlaqlığına qədər cilalayırlar. Krossoverin tavanı qara dəri ilə örtülür və ulduz yağışı effektini təmin edən 1344 fiber optik işıqdiodlarından ibarət «gecə səması» ilə bəzədilir. İlk dəfə olaraq, Cullinan modelinin salonunu sarı Forge Yellow rəngli dəri ilə tərtib ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Black Badge modelinin final ştrixi saat, kandar və oturacaqların kürək hissəsinə həkk edilən sonsuzluq nişanıdır. Bu nişan ilk dəfə olaraq, ser Malkolm Kembelin Rolls-Royce R mühərriki ilə təchiz edilmiş Blue Bird K3 qlisserində peyda olub.

Cullinan Black Badge modelinin kapotunun altında əvvəlki kimi 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki yerləşir. Mühərrikin gücü 571 at qüvvəsindən 600 at qüvvəsinə, fırlanma anı isə 850 Nm-dən 900 Nm-ə qədər artırılıb. Avtomobilin üsyançı xarakterini yenidən tənzimlənmiş transmissiya və elektron akselerator pedalı açmalıdır. «Qara emblemli» Rolls-Royce Cullinan 100 km/saat həddini 4,9 saniyəyə toplayır ki, bu da adi krossoverdə olduğundan 0,3 saniyə yeyindir. Maksimal sürət həddi isə dəyişməyib - 250 km/saat.