Ferrari komandasının gənc pilotu Şarl Lekler Spa-Frankorşampsda keçirilən Belçika Qran Prisində qalib gəlib. Bu, gənc monakolunun F1 çempionatında əldə etdiyi ilk qələbəsidir. Yarışı pouldan başlayan monakolu Lyuis Həmiltonu, Valtteri Bottası və komanda yoldaşı Sebastyan Fetteli qabaqlamağa müvəffəq olub.

Şarl Lekler F1 tarixindən qələbə qazanmış 108-ci pilot olub. Üstəlik, Lekler F1 tarixində qələbə qazanan ilk monakoludur. Lekler ilk qələbəsini şənbə günü keçirilmiş yarışda həlak olmuş F2 pilotu Antuan Yuberə həsr edib. 

Pouldan start alan Lekler yalnız ilk pit-stoplardan sonra komanda yoldaşı Sebastyan Fetteli irəli buraxıb. Lakin, bir müddət sonra Mercedes strateqləri tərəfindən aldadıqlarını başa düşən Ferrari komanda körpücüyü Fettelə Lekleri irəli buraxmasını əmri edib. Bunun əsas səbəbi isə, Fettelin erkən pit-stopu olub. Pitdən çıxdıqdan sonra sürətli zamanlara imza atan dördqat dünya çempionu təkərləri “öldürməyə” imkan tapıb və nəticədə tempi itirməyə başlayıb.

Ferrari strateqləri nəhayət düzgün qərar qəbul verərək qələbəyə daha çox şansı olan Leklerin irəli çıxmasını təmin ediblər. Fettellə mübarizədə vaxt itirən Lyuis Həmilton yarışın sonuna doğru Leklerə çatsa da, ona hücum etmək şansına malik olmayıb. İkinci pit-stopa yollanan Fettel isə, Valtteri Bottası da irəli buraxaraq, yarışı dördüncü bitirib.

Yarışın startında Kimi Rəykkonenlə insident yaşayan Maks Ferstappenin zədələnmiş bolidi Eau Rouge döngəsini keçəndən sonra divara çırpılıb. McLaren komandasının gənc pilotu Lando Norris Spada yaxşı pilotaj nümayiş etdirsə də, son dövrədə Renault mühərrikinin qurbanı olub. Red Bull Racing komandasına ilk yarışına çıxan Aleksandr Əlbon da Belçikada yaxşı nəticə əldə edib: 17-ci yerdən start alan gənc pilot beşinci yerdə finiş görüb.  

Serxio Peres, Daniil Kvyat, Niko Hülkenberq, Pyer Qasli və Lens Stroll Belçikadan xalla ayrılan pilotlar olublar.