Dünən Belçikanın Spa-Frankorşamps avtodromunda keçirilmiş təsnifat mərhələsində Ferrari pilotları ilk sıranı zəbt ediblər. Ferrari komandasının gənc pilotu Şarl Lekler birinci, onun təcrübəli komanda yoldaşı dördqat dünya çempionu Sebastyan Fettel isə ikinci nəticəni göstəriblər.

Ümumiyyətlə, bu həftəsonu Ferrari pilotları Spa-Frankorşampsda güclü çıxış ediblər. Artıq sərbəst yürüşlərdə, Maranello təmsilçilərinin rəqibi olmadığı aydın görünürdü. Təsnifat mərhələsinin başlanğıcından poul uğrunda mübarizənin Fettel və Lekler arasında gedəcəyi aydın idi. 

Qeyd etmək lazımdır ki, Şarl Lekler poula ən iddialı pilot olduğu, onun göstərdiyi zamanlardan bəlli idi. Final seqmentində 1.42,519 zamana imza atan monakolu kimsəyə onu keçmək şansı vermədi.

İkinci cərgədə Mercedes komandasının pilotları Lyuis Həmilton və Valtteri Bottas qərarlaşıb. Üçüncü cərgədən Maks Ferstappen və Daniel Rikkardo start alacaqdırlar. Qeyd etmək lazımdır ki, Maks Ferstappenin ilk seqmentdə sırlamadan ələnmək təhlükəsi də olub. Antonio Covinazzinin yaşadığı problem italyan pilotu bolidi trekin kənarında saxlamağa məcbur edib və qırmızı bayraqlar dalğalanıb. Maks son anda yeyin zamana imza ataraq ikinci seqmentə adlamağa imkan tapıb.

Niko Hülkenberq və Kimi Rəykkonen müvafiq olaraq, yeddini və səkkizinci nəticəni göstəriblər. İlk onluğu Serxio Peres və Kevin Maqnussen tamamlayıblar.