Avstraliyada keçirilən təsnifat mərhələsindən sonra hər kəs Mercedes komandasının böyük üstünlüyə malik olduğunu söyləyənlər, hətta sosial şəbəkələrdə fəaliyyət göstərən azarkeşlər arasında Həmilton və Mercedes komandasının çempionluğunu elan edənlər də vardı. Lakin, çempionatın Sahir avtodromunda keçirilən Bəhreyn Qran Prisinin sərbəst yürüşləri və təsnifat mərhələsi onların tələsdiyini nümayış etdirdi.

Avstraliya Qran Prisindən sonra Ferrari bolidinin yavaşlama səbəbini arayanlar və mülahizə irəli sürənlər də çox oldu, lakin səbələr hələ də müəmma olaraq qalırdı. İtalyanlar problemin nədən qaynaqlandığını söyləməsələr də, tezliklə araşdırmalar aparıb vəziyyəti düzəldəcəklərinə söz vermişdilər.

Saxirdə keçirilən ilk sərbəst yürüşlər komandanın bu suallara cavab tapdığını göstərir - keçirilmiş hər üç sərbəst yürüşlərdə Ferrari pilotları üstünlüyə malik olublar. Scuderia-nın rəhbəri Mattia Binotto isə, problemlərin həll edildiyini bildirsə də, lakin onların nədən qaynaqlandığını açıqlamaq istəməyib.

Lando Norris (McLaren)

Sıralamaların ilk seqmentində Ferrari pilotlarının poula iddialı olduğunu göstərdi. Mercedes azarkeşlərinin ümidləri isə yalnız sirli «bayram» düyməsinə idi. Lakin, sonrakı hadisələr bu «düymənin» də kömək etməyəcəyini göstərdi. 

İlk seqmentdə Williams pilotlarının ələnəcəyindən heç kim şübhə etmirdi - yeganə sual Rasselin Kubitsanı üstələyib-üstələməyəcəyi idi. Bu dəfə də, gənc pilot təcrübəli komanda yoldaşını geridə qoymağa müvəffəq oldu. İlk seqmentdə Şarl Lekler Sahirdə iddialı olduğunu göstərdi - monakolu Bottası bir saniyə, komanda yoldaşını isə 0,2 saniyədən çox üstələyib. İlk seqmentdə ələnənlər Covinazzi, Hülkenberq, Stroll, Rassel və Kubitsa olublar.

Corc Rassel (Williams)

İkinci seqmentdə sıralamalardan çəkilənlər Rikkardo, Əlbon, Qasli, Peres və Kvyat olublar. Ən maraqlısı odur ki, Əlbaon həm komanda yoldaşını, həm də «ana» komandasının pilotu Qaslini üstələməyi bacarıb.

Üçüncü seqmentə tam tərkiblə adlayan komandalar Ferrari, Mercedes, Haas və McLaren komandaları olub. Final seqmentinin ilk hissəsi Fettel və Ferstapensiz keçib. Fettel ilk seqmentdəki əlavə cəhdinin qurbanı olub. Seb və Maks boksda gözləyərkən puol uğrunda mübarizə Lekler və Həmilton arasında gedib. Lyusi ilk cəhdində ciddi irəliləyiş edərək 1,28.190 nəticəni qeydə alıb. Buna cavab olaraq Lekler trekin rekordunu təkrarlayıb - 1,27.958. İkinci cəhddə Sebastyan Fettel Həmiltonu üstələsə də, Şarla çata bilməyib. Lekler isə, son dövrəsində 1,27.66 zaman göstərərək ilk poulunu qazanmaqla yanaşı, trekin rekordunu da yeniləmiş olub.

Ferstappen beşinci, Maqnussen isə altıncı olub. Sonrakı yerləri isə Sayns, Qrojan, Rəykkonen və Norris tutub. Lakin, sıralamalardan sonra, stüardlar Qrojanı Norisə mane olduğuna görə üç yer itkisi ilə cəzalandırıblar. Qrojanın üç sıra geriləməsi Rikkardonun ilk onluğa daxil olması ilə nəticələnib.