Seat şirkəti Ateca krossoverini 2016-cı ildə təqdim edib. Krossoverin Avropa bazarındakı satışları eyni platformada inşa edildiyi VW Tiguan və Skoda Karoq qədər uğurlu olmayıb. Keçən il Tiguan 265 min, Karoq isə 105 min nüsxədə satılsa da, Ateca modelini 90 min nəfər seçib.

Bununla belə, modelə olan tələbat artmağa davam edir. Odur ki, ispan avtoistehsalçısı krossoveri  yeniləmək qərarına gəlib. İspan şirkətinin mətbuat xidməti yenilənmiş modelin ilk tizerini dərc edərək, onun təqdimat tarixini açıqlayıb. Yenilənmiş krossover 15 iyunda debüt edəcəkdir.

Dərc edilmiş tizerdə modelin arxa işıq texnikası və “əllə yazılmış” Ateca sözü təsvir olunub. Mətbuat xidməti Ateca krossoverinin son Seat modellərinin dizayn üslubunda tərtibata malik olacağıını bildirib. Çox güman ki, söhbət Leon və Tarraco modellərindən gedir. Bundan başqa, modelin daha qənaətcil mühərriklər, imkanları genişləndirilmiş multimedia sistemi və yeni təhlükəsizlik sistemləri ilə təchiz ediləcəyi də bildirilib.