Çempionatın lideri Sebastyan Fettel Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi olub. Alman pilot keçən ilin Meksika Qran Prisindən sonra təsnifatda qalib gələrək karyerasındakı 51-ci poulunu əldə edib.

Həftəsonu boyu alman pilot komanda yoldaşı Kimi Rəykkonendən yavaş olub. Fin pilot ikinci və üçüncü sərbəst yürüşlərdə, hətta təsnifat mərhələsinin ilk seqmentində yeyin olsa da, Fettel ikinci seqmentə üstünlüyü ələ alaraq təsnifata sona kimi liderlik edib.

Son seqmentdə ilk cəhddə Rəykkonene 1.28,101 zamana imza ataraq poula iddialı olduğunu bildirib. İkinci cərhddə isə fin pilot lazımi qədər yeyin olmayıb. Bunun əksinə isə Sebastyan ciddi irəliləyiş göstərərək 1.28 altına düşməyə müvəffəq olub - 1.27,958. Mercedes komandasının fin pilotu Valtteri Bottas həmyerlisindən sonra üçüncü olaraq təsnifatı başa vurub.

Qüvvədə olan dünya çempionu Lyuis Həmilton dördüncü zamana imza atıb.

Buna baxmayaraq britaniyalı ötürmələr qutusunun dəyişdirilməsi səbəbindən doqquzuncu yerdən start alacaqdır. O, Daniel Rikkardo, Pyer Qaslini, Kevin Maqnusseni, Niko Hülkenberqi və Esteban Okonu irəli buraxmaq məcburiyyətindədir. İlk onluğu isə, Renault komandasının ispan pilotu Karlos Sayns tamamlayıb.  Bəs soruşa bilərsiniz ki, Maks Ferstappen hardadır. Təsnifat mərhələsinin ilk seqmentində qəzaya düşərək bolidini zədələyən hollandiyalı 15-ci yerdən start alacaqdır.