Williams komandasındakı boş yerə polyak pilot Robert Kubitsanın əsas namizəd hesab edildiyinə baxmayaraq, İtaliyanın “Motorsport” saytı bu vakansiyanı rusiyalı pilot Sergey Sirotkinin tutacağını bildirib.

İtalyanların bildirdiyinə görə, rus pilot Əbu-Dabidə keçirilən mövsünsonu şin testləri zamanı özünü yaxşı cəhətdən göstərməyi bacarıb. Qrouvdan olan komandanın 22 yaşlı Sirotkinə üstünlük verməsinə səbəb olacaq edən vacib amıllərdən biri də SMP Racing komandasının əsasını qoyan iş adamı Boris Rotenberqin Sirotkinə dəstək verməsidir.

Şaiyələrə görə, Sirotkin 15 milyon dollarlıq sponsor dəstəyinə malikdir. Williams komandası Lens Strollun komanda yoldaşının adını bu cümə günü açıqlayacaqdır. Əgər Sergey Sirotkin Qrouv komandası ilə müqavilə bağlayarsa, bu zaman ingilis komandası ən gənc pilot heyətinə malik olacaqdır. Xatırladaq ki, hal-hazırda Sirotkin Renault komandasının ehtiyat pilotudur.