Skoda şirkəti bu gün Cenevrədə işinə başlamış avtosalonda Vision iV konseptual krossoverini nümayiş etdirib. MEB modul platformasında inşa edilən konsept kupeşəkilli krossoverdir və seriya variantına daha yaxındır. Bu ilk növbədə avtomobilin dizaynına aiddir.

Keçən il nümayiş etdirilmiş Vision E konseptindən fərqli olaraq Vision iV brendin tanınmasını təmin edən firma radiator barmaqlığına malikdir. Skoda emblemini daşıyan elektrokarların seçilən elementi matrisa fənərləri birləşdirən işıqlandırılan zolaqdır.

Skoda Vision iV modelinin qabarit uzunluğu 4665 millimetr, eni – 1926 millimetr, hündürlüyü isə 1613 millimetrdir. Qapı dəstəklərini əvəzləyən sensorlar, güzgüləri əvəzələr kameralar və 22-düymlük təkər diskləri konveyerə getməyəcəklər. Smartfondan açar kimi istifadə etmək imkanı verən sistem isə, çox güman ki, seriya modelinin avadanlıq siyahısına daxil ediləcəkdir.  

Skoda elektromobillərinin daha bir tanınan cəhəri ikiqollu sükan çarxı olacaqdır.  MEB platforması sərnişinlər üçün geniş məkan təklif etsə də, baqaj bölümünün həcmi 550 litr olacaqdır. Konseptin daha bir maraqlı cəhəti ikimərtəbəli ön paneldir ki, ilk “mərtəbədə” sensorlu idarəetmə panellərinə malik olan havalandırma sisteminin yan deflektorları yerləşir. Oturacaqların örtüyü tamamilə sintetikdir və təkrar emal materiallarından hazırlanıb.

Image alt Image alt Image alt Image alt

Konsept ümumi gücü 306 at qüvvəsi olan iki elektromotorla hərəkətə gəlir. Elektrokar 100 km/saat həddinə 5,9 saniyəyə sürətlənir və 180 km/saat maksimal sürət həddinə malikdir. Salonun döşəməsi altında yerləşdirilən 83 kilovat-saatlıq batareya maye ilə soyudulma sisteminə malikdir. Elektrokar dolu batareya ilə 500 kilometr qət edir. Yeyin yükləmə terminalından batareyanın 80 faizinin doldurulmasına yarım saat vaxt gərəkdir.

Skoada Vision iV konsepti üçüncü səviyyə avtopilot ilə təchiz edilib. Avtopilot lazer vericilərini, radar və kameralardan istifadə edir. Konseptin seriya variantı 2020-ci ildə işıq üzü görməlidir.